Cocuq Mərcanlıda yem emalı müəssisəsi inşa olunacaq

  15 Noyabr 2017    Oxunub : 511
Cocuq Mərcanlıda yem emalı müəssisəsi inşa olunacaq

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində yem emalı müəssisəsinin təməli qoyulub.

AzVision.az xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Nazirliyin, SEDA layihəsinin, yerli icra hakimiyyətinin nümayəndələri, həmçinin sahibkarlar iştirak ediblər.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov tədbirdəki çıxışında Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə yeni texnologiyalara əsaslanan müəssisələr yaradılır, yeni iş yerləri açılır, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün sistemli tədbirlər həyata keçirilir.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlıda həyata keçirilən işlər barədə məlumat verib və yeni yem emalı müəssisəsinin istifadəyə verilməsinin kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin inkişafına şərait yaradacağını diqqətə çatdırıb.

"Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsinin nümayəndəsi Timoti Madigan SEDA layihəsi çərçivəsində görülən işlərdən danışıb, bu tədbirlərin Azərbaycan regionlarının inkişafına töhfə olduğunu bildirib.

Tədbirdə diqqətə çatdırılıb ki, yem emalı müəssisəsinin fəaliyyəti nəticəsində gələcəkdə Cocuq Mərcanlıda təsərrüfatlar yemlə təmin olunacaq ki, bu da kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək. Layihə çərçivəsində yem emalı avadanlıqları üçün otaq və anbar inşa olunması nəzərdə tutulur. Müəssisədə hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən, ot doğrayan avadanlıqlar quraşdırılacaqdır.

AzVision.az

Teqlər: Cocuq-Mərcanlı