Yeni qanun layihəsində ekstradisiya məsələsi nəzərdə tutulub

  16 Noyabr 2017    Oxunub : 272
Yeni qanun layihəsində ekstradisiya məsələsi nəzərdə tutulub

Azərbaycanda yeni hazırlanan “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsində beynəlxalq cinayətlərə bağlı işlər üzrə ekstradisiya məsələsi əksini tapıb.

AzVision.az-ın məlumatına görə, qanunun 18-ci (Beynəlxalq cinayətlərə bağlı işlər üzrə ekstradisiya) maddəsində qeyd olunur ki, beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən şəxsin xarici dövlətə verilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.

Sorğu edən xarici dövlətlə Azərbaycan Respublikası arasında müvafiq müqavilə olmadıqda “Cinayət törətmiş şəxslərin verilməsı (ekstradisiya)” haqqında Azərbaycan Respublikasının qanunu tətbiq edilir.

Beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən şəxsin xarici dövlətin sorğusu əsasında verilməsi məqsədləri üçün təcavüz, soyqırım, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmə və müharibə cinayətləri siyasi cinayət və ya onunla bağlı cinayət sayıla bilməz. Beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən şəxsin verilməsi haqqında xarici dövlətin sorğusu ilə başqa xarici dövlətin və ya dövlətlərin digər cinayətə və ya cinayətlərə görə həmin şəxsin verilməsi haqqında sorğu mövcud olduqda beynəlxalq cinayətlərlə bağlı sorğunun icrasına üstünlük verilir.

Beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən eyni şəxsin verilməsi və ya təslim edilməsi haqqında xarici dövlətin və beynəlxalq məhkəmə orqanının sorğuları alındıqda, onların hansına üstünlük verilməsi məsələsi işin konkret halları nəzərə alınmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həll olunur.

Beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən şəxsin verilməsi haqqında sorğu onun irqi, cinsi, dini, vətəndaşlıq, siyasi baxış və ya etnik mənsubiyyətindən asılı olaraq cəzalandırmaq və ya təqib etmək məqsədini güdərsə və ya sorğunun təmin edilməsi burada göstərilən səbəblərdən hər hansı birinə görə həmin şəxsin vəziyyətinə xələl gətirə bilərsə, belə hallarda bu qanunun heç bir müddəası verilməyə dair öhdəlikləri müəyyən edən müddəa kimi şərh qəbul edilə və tövsif edilə bilməz. Beynəlxalq cinayət törədilməsində təqsirləndirilən və xarici dövlətə təhvil verilən və ya beynəlxalq məhkəmə orqanına təslim edilən şəxs buna səbəb olan cinayət və ya cinayətlərdən başqa digər cinayət əməlinə görə Azərbaycan Respublikasının müvafiq səlahiyyətli orqanının razılığı olmadan məsuliyyətə cəlb edilə və cəzalandırıla bilməz.

19-cu (Beynəlxalq cinayətlərə münasibətdə təqib etmə və ya təhvil vermə öhdəliyi) maddəsində isə qeyd olunur: Beynəlxalq cinayət törədilməsində təqsirləndirilən və Azərbaycan Respublikasının ərazisində tutulan şəxs xarici dövlətə təhvil verilmirsə və ya beynəlxalq məhkəmə orqanına təslim olunmursa, onun cinayət təqibi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Qanun