“Kütləvi çıxarış” kampaniyası Yevlaxda

“Kütləvi çıxarış” kampaniyası Yevlaxda
  17 Noyabr 2017    Oxunub:1861
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ölkədə daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, bu sahədə vətəndaş məmnuniyyətinin artırılması üzrə davamlı olaraq tədbirlər keçirir.
ƏMDK-dan AzVision.az-a bildirilib ki, bu sahədə mühüm sosial layihələrdən biri olan “Kütləvi çıxarış” kampaniyası bu dəfə noyabrın 17-də Yevlax rayonunda keçirilib. Kampaniya rayonun bir neçə kəndini əhatə edib. Bu sosial tədbir nəticəsində 50 rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. Bununla yanaşı, həmin gün 30 sakindən gələcəkdə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər də qəbul edilib.

Vətəndaşlara yerlərdə çıxarışlar təqdim olunmaqla yanaşı, həm də hüquqi yardım xidmətləri də göstərilib. Altmışa yaxın sakin bu xidmətdən yararlanıb. Belə ki, sənədlərində hər hansı çatışmazlığı olan, qeydiyyat prosesinin ardıcıllığını bilməyən, lazımi sənədlərin hansı qurumdan alınması barədə məlumatı az olan əhalinin sualları komitənin əməkdaşları tərəfindən cavablandırılıb.

“Kütləvi çıxarış” kampaniyası zamanı evlərin ilkin qeydiyyatının aparılması vətəndaşların işini olduqca sadələşdirir. Belə ki, əmlakın ilkin qeydiyyatı, yəni, ilk dəfə sənədləşdirilməsi zamanı çöl-ölçmə işinin aparılması tələb olunur. “Kütləvi çıxarış” kampaniyasında isə işlər elə təşkil edilib ki, ilkin qeydiyyat üçün sənədlər qəbul edilərkən, sakinlərin istəklərinə uyğun ilkin qeydiyyat üçün birbaşa olaraq çöl-ölçmə işləri də aparılır. Bununla da qeydiyyat prosesində vaxt itkisi tamamilə aradan qaldırılır. Məhz bu kampaniya çərçivəsində də bir sıra sakinin əmlakının texniki parametrlərinin müəyyən edilməsi və texniki sənədlərinin hazırlanması məqsədilə tədbirlər görülür.

Qeyd edək ki, ƏMDK “Kütləvi çıxarış” kampaniyasını kənd təsərrüfatı ilə məşğul olunan sahələrdə, birbaşa kəndlilərin işlədikləri tarlalarda, əkin-biçin yerlərində də keçirir. Belə xidmətlər əhalinin birbaşa iş yerlərində də göstərilir. Kampaniya müəssisələrdə keçirilməklə çoxlu sayda işçiləri və böyük kollektivi əhatə edir. Eyni zamanda, bu sosial tədbir paytaxtda hündürmərtəbəli binalarda keçirilir. Kampaniya vətəndaşların vaxtlarını daha səmərəli planlaşdırmağa, iş rejiminin pozulmamasına, əlavə ünvanlara getməməsinə imkan verir. “Kütləvi çıxarış” kampaniyasından faydalanmaq istəyən şəxslər “193” saylı Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər.

“Kütləvi çıxarış” kampaniyası çərçivəsində birbaşa ünvanlarda əmlakın qeydiyyatı üçün tələb olunan sənədlər vətəndaşlardan toplanır. Belə sənədlərə aktlar, şəhadətnamələr, qeydiyyat vərəqələri, kolxoz və sovxoz əmrləri, sovet dövründə verilmiş müxtəlif tipli mülkiyyət sənədləri və texniki pasportlar aiddir.

Qeyd edək ki, ümumilikdə 60-dan çox “Kütləvi çıxarış” kampaniyası keçirilib. Cari il ərzində isə bu rəqəm 19-dur. Bütövlükdə baş tutan bu sosial tədbirin 12-si paytaxtda, 52-si isə respublikanın müxtəlif şəhər və rayonlarında təşkil olunub. İndiyədək 11 mindən çox vətəndaş kampaniyadan faydalana bilib. Eyni zamanda, ahıl, fiziki məhdudiyyətli insanlar üçün belə xidmətlər birbaşa onların evlərində göstərilib.

“Kütləvi çıxarış” kampaniyası ilə yanaşı, respublikanın hər bir bölgəsində komitənin xüsusi nəqliyyat vasitələri ilə vətəndaşlara fərdi qaydada gündəlik olaraq mobil ofis xidmətləri də göstərilir. Bu kampaniyalar çərçivəsində vətəndaşlara fərdi qaydada çıxarışların təqdim olunması, ilkin sənədlərin qəbulu həyata keçirilir. Ümumilikdə mobil ofislər vasitəsilə 220 minə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib. Cari il ərzində isə bu rəqəm 60 mindən çoxdur.

`AzVision.az


Teqlər: Kütləvi-çıxarış  





Xəbər lenti