SOCAR-la "Özbəkneftqaz" əməkdaşlığı genişləndirir

SOCAR-la "Özbəkneftqaz" əməkdaşlığı genişləndirir
  17 Noyabr 2017    Oxunub:1349
Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Özbəkistanın baş nazirinin müavini, "Özbəkneftqaz" şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov arasında görüş keçirilib.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, R.Abdullayev ilk növbədə qonağı Özbəkistanın baş nazirinin müavini təyin edilməsi münasibəti ilə təbrik edib, yeni vəzifəsində ona daha böyük müvəffəqiyyətlər arzulayıb.

A.Sultanov qeyd edib ki, Özbəkistan qardaş Azərbaycanla bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı mövcud imkanlardan tam istifadə olunmasında maraqlıdır. O, Azərbaycan prezidenti İlham Əliyev ilə görüşündən söz açıb, Azərbaycan dövlətinin başçısının Özbəkistanla energetika, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini bəyan etdiyini söyləyib. SOCAR-ın "Özbəkneftqaz" üçün doğma şirkət olduğunu vurğulayan A.Sultanov iki şirkət arasında davam edən uğurlu əməkdaşlığı həqiqi qardaşlıq nümunəsi adlandırıb.

SOCAR prezidenti Azərbaycanın regional və qlobal əhəmiyyətli layihələrdə öncül rol oynadığını xatırladaraq, bu layihələr çərçivəsində qazanılan təcrübə və nailiyyətlərin “Özbəkneftqaz” şirkəti ilə əməkdaşlığın inkişafında faydalı olacağını və gələcək layihələr üçün etibarlı zəmin yaradacağını söyləmişdir. O, qeyd edib ki, “Özbəkneftqaz” ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə neft-qaz layihələrinin həyata keçirilməsi üçün böyük perspektivlər vardır və iki şirkətin ekspertləri bu perspektivləri səylə araşdırıblar. R.Abdullayev şirkətlər arasında mövcud memorandum çərçivəsində diqqət mərkəzində olan istiqamətlərdə konkret fəaliyyətlərə tezliklə start veriləcəyinə əminliyini ifadə edib.

A.Sultanov nəzərdə tutulan istiqamətlər üzrə işçi qruplarının yaradılmasını əməkdaşlığın dərinləşdirilməsində mühüm irəliləyiş olduğunu bildirib, gələcək birgə layihələrin Azərbaycan və Özbəkistan xalqlarının rifahına xidmət edəcəyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran məsələlər üzrə ətraflı müzakirə və fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: SOCAR  





Xəbər lenti