68 dövlət əmlakı hərraca çıxarılacaq

68 dövlət əmlakı hərraca çıxarılacaq
  20 Noyabr 2017    Oxunub:1180
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏDMK) tərəfindən 19 dekabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, budəfəki hərraca müxtəlif çeşidli 68 dövlət əmlakı satışa çıxarılır. Bundan 24-ü kiçik dövlət müəssisə və obyekti, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 25-si səhmdar cəmiyyətləri, 11-i isə nəqliyyat vasitələridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında quşçuluq, kənd kimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Şamaxı, Bərdə, Cəlilabad, İmişli, Gəncə və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 17 kv.m ilə 11 266 kv.m arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Balakəndə yerləşən əmlak kompleksidir. Adı çəkilən əmlak 715 min manata təklif edilir. Torpaq sahəsi 37 602 kv.m-ə, ümumi faydalı sahəsi isə 11 266 kv.m-ə yaxındır. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 5-i paytaxtda, qalanları isə digər rayon və şəhərlərdə yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək ilkin satış qiyməti paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, bu əmlak 116 500 manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirməyə açıq elan edilən belə əmlakların sahəsi 13 kv.m ilə 500 kv.m arasında dəyişir.

Qurumun açıqlamasına görə, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Qaradağ rayonunda yerləşən 183 kv.m olan 15 saylı bazarın Qızıldaş filialını nümunə kimi göstərmək olar. Həmin əmlakın ilkin start qiyməti 10 min manat təşkil edir. Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb.

AzVision.az


Teqlər: hərrac  





Xəbər lenti