Cocuq Mərcanlıda fərdi təsərrüfatlar qurulacaq

  30 Noyabr 2017    Oxunub : 418
Cocuq Mərcanlıda fərdi təsərrüfatlar qurulacaq

Cocuq Mərcanlıda əhalinin məşğulluğunun dəstəklənməsi məsələlərinə dair müşavirə keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, ƏƏSMN Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yerli əhalinin səmərəli məşğulluğuna əlavə dəstək verilməsi, xüsusən kənddə özünüməşğulluq proqramı çərçivəsində müxtəlif iqtisadi fəaliyyət növləri üzrə fərdi təsərrüfatların qurulması üçün aktiv məşğulluq tədbirlərinə hazırlıq işləri aparır.

Bununla bağlı ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Cocuq Mərcanlı kəndində bu kəndin və ətraf ərazilərin yerli əmək resurslarının məşğulluğunun təminatı ilə əlaqədar görüləcək işlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Tədbirdə vurğulanıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin hərbi gücünün artırılması üçün həyata keçirdiyi uğurlu siyasət nəticəsində dünyada qüdrətli ordulardan biri olan Azərbaycan Ordusunun ötən ilin aprel döyüşlərində qazandığı parlaq tarixi qələbə minlərlə hektar torpağın işğaldan azad olunması ilə yanaşı, Cocuq Mərcanlı kəndində də təhlükəsiz yaşayışın bərpasına imkan verib. Dövlət başçısının 2017-ci il 24 yanvar tarixli Sərəncamına əsasən, Cocuq Mərcanlı kəndində aparılan böyük bərpa-quruculuq işləri burada müasir tələblər səviyyəsində yaşayış şəraitinin yaradılmasına, kəndin gözəl evləri və məktəbi, uşaq bağçası, məscidi, bütün infrastrukturu, daimi suyu, elektrik enerjisi, təbii qazı, asfalt yolları olan müasir və abad bir yaşayış məntəqəsinə çevrilməsinə səbəb olub.

Müşavirədə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli aktiv məşğulluq tədbirlərinin təşkili zamanı işğal altında olan rayonlar üzrə işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatının daim diqqətdə saxlandığını, bu sahədə məqsədyönlü işlərin aparıldığını qeyd edib: “Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində bu ilin yanvar-oktyabr aylarında 43 746 nəfər işsiz və işaxtaran şəxs münasib iş yerləri, 919 nəfər haqqı ödənilən ictimai işlərlə təmin olunub. Xidmətin xətti ilə 2 920 nəfər üçün əmək bazarında rəqabətə davamlı peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub”.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, icra olunan özünüməşğulluq proqramı işsiz və işaxtaran şəxslərin məşğulluq, eləcə də gələcəkdə kiçik ailə biznesinə çıxış imkanlarına malik olmalarında mühüm rol oynayır. Proqram çərçivəsində cari ildə 1 153 nəfərin ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını qurmaları üçün aktivlərlə (mal və materiallarla) təminatı həyata keçirilib. Onlar verilmiş aktivlərdən səmərəli şəkildə istifadə edərək biznes-planlarına uyğun və ailə əməyinə əsaslanan təsərrüflarını gözlənilən səviyyədə qura biliblər.

Növbəti ilin əvvəlindən ölkəmizdə “İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqinə başlanacaq. İşsizlikdən sığorta sisteminin formalaşması işsizlikdən sığorta olunanların itirilmiş əməkhaqlarının kompensasiyasına, onların sosial-iqtisadi mənafelərinin dolğun təminatına imkan verməklə, aktiv məşğulluq tədbirlərinin, xüsusən özünüməşğulluq proqramının xeyli genişlənməsinə səbəb olacaq. İşsizlikdən sığorta fondunun xərclərinin 35,8 milyon manatının və ya 40 faizinin məhz özünüməşğulluq tədbirlərinin təşkilinə yönəldilməsi proqnozlaşdırılır. Bu da özünüməşğulluq proqramına cəlb olunanların sayının dəfələrlə artırılmasına səbəb olacaq.

Eyni zamanda, proqramın Cocuq Mərcanlı kəndini də əhatə etməsi, bu kəndin əhalisinin həmin proqramdan faydalanmalarına, bununla öz ailə gəlirlərini artırmalarına, sahibkarlığa çıxış imkanları əldə etmələrinə əlverişli şərait yaradılması diqqətdə saxlanılır.

Müşavirədə Cocuq Mərcanlı kəndində və ətraf ərazilərdə yerli əmək bazarının vəziyyəti, mövcud məşğulluq sahələri, əmək resursları, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının icrası üçün yerli potensial və s. ilə bağlı geniş müzakirələr aparılıb, aidiyyəti üzrə təkliflər verilib.

Qeyd olunub ki, hazırda bu kənddə yerli iqtisadiyyat əsasən əkinçilik və heyvandarlıq üzərində qurulub. Kənd sakinlərinin bu ənənəvi fəaliyyət sahələri üzrə ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını qurmaları, eləcə də mövcud təsərrüfatlarını genişləndirmələri özünüməşğulluq proqramı vasitəsilə dəstəklənəcək. Eyni zamanda, Cocuq Mərcanlı kəndində yerli sakinlərdən öz doğma kəndlərində müxtəlif ictimai-iaşə xidmətlərinin göstərilməsi üçün fərdi təsərrüfatlar, istehsal və ya emal yönümlü müəssisələr qurmaq istəyənlərin özünüməşğulluq proqramına cəlb edilməsi təmin olunacaq. Müvafiq hallarda seçdikləri fəaliyyət növlərində zəruri peşə bacarıqlarına yiyələnmələri üçün onların peşə hazırlığına cəlb olunmalarına da imkan yaradılacaq.

Ümumilikdə, bu kənddə əhalinin səmərəli məşğulluğunun artırılması üçün məqsədyönlü işlər aparılacaq. Bu tədbirlər həm yerli sakinlərin məşğulluğunun artırılmasına, həm də ərazidə iqtisadi həyatın daha da canlanmasına, kiçik sahibkarlığın genişlənməsinə əlavə dəstək olacaq.

AzVision.az

Teqlər: ƏƏSMN