Penitensiar Xidmətdə müşavirə keçirilib

  04 Dekabr 2017    Oxunub : 443
Penitensiar Xidmətdə müşavirə keçirilib

Bu gün Penitensiar xidmətin Baş idarəsində cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, habelə qeydiyyat şöbələri rəislərinin iştirakı ilə müşavirə keçirilib.

Xidmətdən AzVision.az-a verilən məlumata görə, Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov prezident İlham Əliyev tərəfindən 10 fevral 2017-ci il tarixdə imzalanmış “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın sistemli və genişmiqyaslı hüquqi islahatların həyata keçirilməsində yeni mərhələnin əsasını qoyduğunu qeyd edib. Həmçinin vurğulanıb ki, sərəncamın tələblərindən irəli gələn vəzifələrin icrası məqsədilə çoxsaylı humanist tədbirlər həyata keçirilib, o cümlədən 20.10.2017-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun qəbul olunub.

Qeyd olunub ki, ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklər haqqında Qanunun icrasının təşkili barədə konkret göstərişləri özündə əks etdirən 21.11.2017-ci il tarixli əmr imzalayıb.

“Əmrdə Cinayət Məcəlləsinə 300-dək mühüm dəyişiklik edildiyi, bir sıra əməllərin dekriminallaşdırılması, azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə 160-dək maddənin sanksiyasına alternativ cəzalar, o cümlədən azadlığın məhdudlaşdırılması kimi yeni cəza növünün daxil edilməsi, 40-dək cinayətə görə azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi öz əksini tapıb.

“Qanunun penitensiar müəssisələr tərəfindən dürüst və mütəşəkkil icrasının, habelə zəruri metodiki köməkliyin göstərilməsi işinin təşkili məqsədilə Penitensiar xidmət üzrə İşçi qrupunun yaradılmasına dair göstəriş verilib”, - deyə Hüseyn Əlixanov qeyd edib.

Qanunun vaxtında və düzgün icrasını təmin etmək məqsədilə Ədliyyə Nazirliyi üzrə verilmiş əmrin icrasının təşkili ilə bağlı Xidmətin məsul əməkdaşlarından ibarət İşçi qrupunun yaradılması barədə Xidmət rəhbərliyi tərəfindən əmr imzalandığı bildirilib və İşçi qrupunun tərkibi elan edilib.

İşçi qrupuna Qanun tətbiq ediləcək məhkumların dairəsinin müəyyən olunması, Qanunun təsir dairəsinə düşən məhkumların hökmlərinin ətraflı öyrənilməsi, məhkəmələrə sənədlərin təqdim edilməsi, Qanunun tətbiqi ilə bağlı məhkumların və onların qanuni nümayəndələrinin müraciətlərinə diqqətlə baxılması, ətraflı cavabların verilməsi və digər zəruri təşkilati tədbirlərin həyata keçirilməsi kimi mühüm tapşırıqlar verili.

Daha sonra “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” yeni Qanuna uyğun maddələrin müəyyənləşdirilməsi, dəyişikliklərin humanist mahiyyəti və əhəmiyyəti barədə izahlar verilmişdir. Bununla yanaşı, məhkumların şəxsi işlərinin və aidiyyəti təqdimatların məhkəmələrə müvafiq müddət ardıcıllığına riayət olunmaqla mərhələlərlə göndərilməsi tövsiyə olunmuş, Qanunun təsir dairəsinə düşən məhkumların hüquqlarının pozulması hallarının yolverilməz olduğu xüsusilə vurğulanıb.

Penitensiar xidmətin Qeydiyyat idarəsinin rəisi, ədliyyə polkovniki Rəhim Şeyxəliyev çıxış edərək hesabatların gecikdirilmədən vaxtında təqdim olunmasının zəruriliyini qeyd edib.

Müşavirədə tabe qurumların əməkdaşlarının məsələ ilə bağlı bir sıra maraq doğuran sualları cavablandırılıb.

Tədbirin sonunda ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun qanunun icrasına məsuliyyətlə yanaşmaq, müəssisə rəisləri rəhbər olmaqla azı üç nəfərdən ibarət komissiyalar yaratmaq, hər hansı sui-istifadə və hüquq pozuntusu hallarına yol verməmək barədə tələbləri müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.

Eyni zamanda şəxsi işlərin məhkəməyə göndərilməsi barədə təqdimat nümunələri və müvafiq əmrlərin surətləri müəssisə rəislərinə təqdim olunub.

AzVision.az

Teqlər: Müşavirə   Penitensiar-Xidmət