Gələn aydan pensiyalar 15 manata yaxın artacaq

  05 Dekabr 2017    Oxunub : 3803
Gələn aydan pensiyalar 15 manata yaxın artacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn ay pensiya məbləğlərinin indeksasiya ediləcəyini açıqlayıb. Pensiyaların yeni indeksasiya mexanizmi necədir və gələn ay pensiya məbləği neçə faiz artacaq?

AzVision.az xəbər ki, bu sualları iqtisadçı-ekspert Vüqar Bayramov cavablandırıb. Ekspert bildirib ki, yeni pensiya qanunvericiliyinə əsasən indeksasiyada 2 əsas dəyişiklik var.

İqtisadçı hesab edir ki, ilk olaraq pensiya məbləği əvvəlki ilin rəsmi infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqıdakı artım faizinə indeksasiya ediləcək.

“Pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq “keçmiş baza hissə” deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq. Qeyd edim ki, əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdu. Yeni qanunvericilikdə isə bu anlayışdan artıq istifadə edilmir. Gələn ildən isə məbləğindən asılı olmayaraq bütün pensiya məbləğinə indeksasiya tətbiq ediləcək. Pensiya məbləğində artımlara gəldikdə isə, bu ilin 9 ayında orta aylıq əmək haqqı 7.2 faiz artıb. Doğrudur, 2017-ci ildə orta aylıq əmək haqqı məbləğində 6.2 faiz artım proqnozlaşdırılır. Bununla belə, növbəti aylarda faktiki göstərici ciddi dəyişməzsə, o zaman gələn aydan pensiya məbləğlərində təxminən 7 faiz artım qeydə alınacaq”.

V.Bayramov qeyd edib ki, orta pensiya məbləğinin 208 manat olduğunu nəzərə alsaq, bu halda orta pensiya 15 manata yaxın artacaq: “Baza hissəsi ləğv olunduğu üçün hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq əmək haqqındakı artım faizini əlavə edərək yanvar ayında alacağı pensiyanın yeni məbləğini hesablaya bilər. Gələn ay indeksasiyanın bir rəqəmli olduğunu nəzərə alsaq, 2018-ci ildə pensiya məbləğlərinin yenidən artırılması və xüsusən də orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır”.

AzVision.az

Teqlər: Pensiya   Vüqar-Bayramov