“Xəzərdəki yataqlarla bağlı danışıqlar nəticə verməyib” - XİN
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Konvensiyada bu sənədlərin çərçivə prinsipləri öz əksini tapıb. İran və Türkmənistanla razılaşma əldə etmək üçün danışıqlara davam edəcəyik və öz sazişlərimizi hazırlayacağıq. Delimitasiya müzakirə edildikdə neft yataqlarının müzakirəsi məhsuldar deyil.
Mübahisəli yataqlarla bağlı danışıqlar hələ nəticə verməyib, buna görə də hələ bu barədə danışmırıq. Hazırda əsas məqsəd delimitasiyadır. Əgər xəttin üzərinə düşən yataqlar olarsa, onların istifadəsi üçün beynəlxalq qaydalar tətbiq etmək olar - birgə istifadə və ya digər variantları nəzərdən keçiriləcək”.
Nazir müavini əlavə edib ki, Konvensiyada Xəzər dənizində ölkələrin bir-birinin təhlükəsizliyinə xələl gətirməmək prinsipi əksini tapıb: “Bu sahədə sazişlər olacaq. Onlardan biri üzrə razılaşma aparırıq. Bu, insidentlərin aradan qaldırılmasına dair birgə fəaliyyətdir. Təhlükəsizlik və sabitlik məsələsi də məhz bu ölkələrə tərəfindən həyata keçirilməlidir. Hər hansı dövlət hərbi gücünü artırırsa, balansı saxlamalıdır”.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: XİN Xəzər Xələf-Xələfov