3 ildən sonra açılan dəhşətli qətl: “Gecə saat 2-də etiraf etdilər...”

3 ildən sonra açılan dəhşətli qətl: “Gecə saat 2-də etiraf etdilər...”
  07 Dekabr 2017    Oxunub:23004
2014-cü ildə Salyanda baş vermiş dəhşətli qətlin üstü 3 ildən sonra açılıb. Salyan şəhərinin "Zavod" məhəlləsində yaşayan itkin düşdüyü deyilən Mehparə Əliyeva və dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidənin ailə başçısı Fərhad Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.
F.Əliyevin oğlu Fəqan Əliyevin köməyi ilə meyitləri yaşadıqları evin həyətində basdırdığı bildirilib. Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar.



F.Əliyevin qardaşı oğlu Vüsal Əliyev dəhşətli qətllə bağlı AzVision.az-a açıqlama verib. O, əmisi və əmisi oğlunun içki aludəçisi olduğunu deyib, bildirib ki, əmisinin ailəsi ilə əlaqələri olmayıb.

“Kasıb ailə idi. Əmimin həyat yoldaşı üzümçülükdə, qızlarından biri isə marketdə işləyirdi. Bizim o ailə ilə münasibətimiz olmayıb. Ona görə ailədaxili məsələlərdən xəbərdar deyilik. Yəqin problemləri olub ki, belə hadisə baş verib. Bu, namərdlikdir. Allah hadisəni törədənlərin bəlasını versin”.



V.Əliyevin sözlərinə görə, F.Əliyev və oğlu 2014-cü ildə işləmək adı ilə Salyandan Bakıya gediblər.
“Dedilər ki, Bakıya işləməyə gedirik. Əmim bildirdi ki, arvadını və qızlarını Bakıya əvvəlcədən göndərib. Özləri isə 3 gün sonra getdilər. Sonra onlarla əlaqə kəsildi. Mehparənin bacısı və qardaşı onları axtarırdı. Polis şöbəsindən gəlib bizi sorğu-sual etdilər. Sonra əmimoğlu zəng etdi, dedi ki, işləyirlər, torpaq alıblar, ev tikirlər və hamı yaxşıdır. Uşaqları soruşduq, dedilər ki, onlar da yaxşıdırlar. Bizi belə aldadıblar. Sonra bir dəfə rayona gəldilər, həyət-bacanı təmizlədilər. Hal-əhval tutduq, uşaqları soruşduq. Dedilər ki, yaxşıdılar”.



V.Əliyev deyib ki, Mehparə və qızlarından xəbər çıxmadığı üçün onun yaxınları Xoşqədəmin verilişinə çıxıb: “Çaş-baş qaldıq ki, bu necə ola bilər. Xoşqədəmin verilişində söhbət çıxdı ki, guya bunlar Türkiyədədirlər. Heç bilmədik, bunu kim dedi. Bakıdakı digər əmimoğluna zəng etdm. Dedim ki, onları görsən, bizimlə əlaqə saxlasınlar, evin damı uçub, gəlib düzəltsinlər. Fəqan mənə zəng etdi. Nə baş verdiyini soruşdu. Dedim ki, ev uçub, gəlin düzəldin. Bildirdi ki, narahat olmayın, gələcəyik.



Üç gün əvvəl yenidən rayona gəldilər. Atam bunları evə çağırdı. Soruşdu ki, bəs sənin arvadın, qızların haradadır? Əmim dedi ki, onlar bizlik deyil, bizim üçün yox kimidirlər. Səbəbini soruşanda, onlar haqqında pis sözlər dedi. Həmin gün gecə saat 2-də Fəqan atamı çəpərdən çağırıb, telefonu istədi. 102-ə zəng edib, adam öldürdüyünü dedi. Onlar etiraf etdilər. Biz şoka düşdük. Dərhal polis gəldi. Onları bölməyə apardılar. Fəqan polisə zəng etməmişdən qabaq atası ilə spirtli içki qəbul etmişdi. Hər ikisi sərxoş idi”.

V.Əliyev bildirib ki, əmisigil Bakıya getməmişdən əvvəl onlar Mehparə və qızları ilə küsülü olublar: “Uzun müddət idi ki, bir-birilərini danışdırmırdılar. Arvad qızları ilə bir otaqda, kişi də oğlu ilə digər otaqda qalırdı”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Salyan   Qətl  





Xəbər lenti