Problemli kreditlərin artmasının səbəbi - Ekspert şərh edir

Problemli kreditlərin artmasının səbəbi - Ekspert şərh edir
  09 Dekabr 2017    Oxunub:4264
“Azərbaycanda təxminən 2,5 milyon insanın banka borcu var. Bu, o deməkdir ki, hər 4 nəfərdən biri banklara borcludur. Orta hesabla hər bir ailədə kredit borcu olan vətəndaşımız var”.
Bunu AzVision.az-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspert bildirib ki, problemli kreditlərin böyük əksəriyyəti xarici valyutada olanlardır.

“Monitorinqlər göstərir ki, hər 10 problemli kreditdən 8-i, ümumiyyətlə 80 faizi xarici valyutada olan kreditlərlə bağlıdır, digər hissəsi milli valyutada olanlardır. İlin əvvəlindən problemli kreditlərin həcmində artımlar müşahidə olunur. Problemli kreditlərin həcminin artması xüsusilə xarici valyutadakı kreditlərin qaytarılması ilə bağlıdır və manatın dəyər itirməsi buna öz təsirini göstərir. Bölgələrdə və paytaxtda problemi kreditlərin həcmində artım var.

Aparılan monitorinqlər göstərir ki, daha çox xarici valyutadakı kreditlərlə bağlı yubanmalar var. Lakin milli valyutadakı kreditlərin də qaytarılmasında gecikmələr müşahidə olunur. Əhalinin ödəmə qabiliyyətinin devalvasiyalardan sonra zəifləməsi əsas səbəblərədn olsa da, digər səbəb bankların əhalinin ödəmə qabiliyyətini yoxlamadan kreditləri kütləvi şəkildə təklif etməsi ilə bağlıdır”.

V.Bayramovun sözlərinə görə, problemi kreditləri qaytaranlar da var, lakin onların sayı çox deyil.



“Kreditlərin qaytarılması banklarla müştəri arasında münasibətlərlə bağlıdır. Əksər hallarda banklar tərəfindən bu tip hallarda güzəştlərin tətbiq edilməməsi müşahidə olunur. Elə vətəndaşlar var ki, onun aylıq ödənişi 400 manata yaxındır və aylıq olaraq 150 manat ödəmək imkanına malikdir. Banklar yeni ödəmə cədvəli tətbiq edərək orada müddəti uzadaraq əlavə faizlər hesablayırlar və ümumi məbləği artırırlar. Nəticədə 150 manat ödəmək istəyən vətəndaş sonda daha böyük məbləği qaytarmaq məcburiyyətində qalır. Bəzən banklar bu tip ödənişləri qəbul etmirlər. Kreditin qaytarılması ilə bağlı ödəniş etməyən şəxsi məhkəməyə verirlər. Banklar tərəfindən mövcud reallığın nəzərə alınıb güzəştləri tətbiq etmələri vacibdir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Kredit   Bank   Faiz  





Xəbər lenti