Gənc deputat “Avropa Gənclər Parlamenti”nin üzvlərilə görüşüb

Gənc deputat “Avropa Gənclər Parlamenti”nin üzvlərilə görüşüb
  14 Dekabr 2017    Oxunub:5010
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov “Avropa Gənclər Parlamenti”nin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “Mənim Parlamentim – My Parliament” layihəsinin ikinci qonağı olub.
Fuad Muradov görüş üçün müraciət edən Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin üzvlərindən ibarət 30 nəfərlik heyəti görüş üçün dekabrın 13-də Milli Məclisə dəvət edib. Təşkilatın üzvlərinə Milli Məclisdə ekskursiya da təşkil olunub. Gənclər Heydər Əliyev xatirə zalı, Plenar iclas zalı və digər görüş zalları ilə tanış ediliblər.

Dəyirmi masa formatında baş tutan maraqlı və interaktiv görüşdə Fuad Muradov Milli Məclisin, Gənclər və İdman komitəsinin fəaliyyəti ilə bağlı gənclərə geniş məlumat verib. Komitə sədri, eyni zamanda, Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin gələcək fəaliyyəti ilə əlaqədar fikirlərini və tövsiyələrini qonaqların diqqətinə çatdırmış, həmçinin, gənclərin suallarını cavablandırıb.

O, eyni zamanda Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri kimi, Azərbaycan nümayəndə heyəti ilə Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyini sıx əməkdaşlıq qurmağa və təşkilat üzvlərinin qonaq qismində Avropa Parlamentində keçirilən Avronest PA iclaslarında iştiraka dəvət edib.

Qeyd edək ki, “Avropa Gənclər Parlamenti” Avropanın 41 ölkəsində fəaliyyət göstərir. Təşkilatın Azərbaycan nümayəndəliyi isə 2010-cu ildə təsis edilib. Təşkilat özündə vətənpərvər, intellektual səviyyəli, fəal gəncləri birləşdirir, onların ölkəmizə və cəmiyyətimizə fayda vermələri üçün imkan yaradır.
Bu ilin noyabrın 2-də “Avropa Gənclər Parlamenti”nin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə ADA Universitetində “Mənim Parlamentim – My Parliament” layihəsinin icrasına başlanılıb. “Mənim Parlamentim” layihəsinin məqsədi gəncləri Azərbaycan Respublikası Milli Məclisinin və deputatların fəaliyyəti ilə yaxından tanış etmək, onların maarifləndirilməsinə töhfə verməkdir. Daimi xarakter daşıyan bu layihə çərçivəsində gənclərin Milli Məclisin üzvləri və komitə sədrləri ilə görüşləri də nəzərdə tutulub.




Teqlər: #Avropa-Gənclər-Parlamenti   #Fuad-Muradov  





Xəbər lenti