“8 bankın sağlamlaşdırılmasına ehtiyac var” - Ekspertdən təklif

“8 bankın sağlamlaşdırılmasına ehtiyac var” - Ekspertdən təklif
  15 Dekabr 2017    Oxunub:1901
"Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların sağlamlaşdırılması prosesinə kompleks yanaşmasına ehtiyac var. Əvvəllər də dediyimiz kimi, təcrübə göstərdi ki, palatanın “axsayan bankları” müflis elan etməsi problemdən çıxış yolu deyil".
AzVision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Ekspert bildirib ki, belə bankların sağlamlaşdırılmasına və konsolidasiya prosesinin dəstəklənməsinə ehtiyac var: "Bizə daxil olan müraciətlər göstərir ki, artıq öz funksiyalarını tam və ya qismən yerinə yetirə bilməyən bankların sayı artır. Hətta əmanəti bankdan götürməkdə belə çətinliklər yaranır. Təəssüf ki, xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təklifimiz qəbul olunmadığından problemli kreditlərin həcmində artımlar davam edir. Vətəndaşlarımız da əmanətlərini yerləşdirən zaman yüksək faizə deyil, bankın maliyyə imkanlarına diqqət yetirməlidirlər. Bütövlükdə, apardığımız monitorinq və qiymətləndirmələr göstərir ki, 8 bankın sağlamlaşdırılmasına ehtiyac var".



V.Bayramov qeyd edib ki, bir müddət öncə ABŞ təcrübəsindən istifadə edilərək problemli kreditlərin və aktivlərin dövlət tərəfindən alınaraq sağlamlaşdırılması təklif edilib: "Belə ki, qlobal maliyyə böhranından sonra 2008-ci ildə ABŞ-da İqtisadiyyatın Stabilləşməsi üzrə Fövqalədə Akt və buna uyğun olaraq da Problemli Aktivlərin Sağlamlaşdırılması Proqramı (TARP) qəbul edildi. 426 milyard dolların xərcləndiyi bu proqramda əsas məqsəd problemi aktivlərin satın alınması və sağlamlaşdırılması oldu. Təbii ki, proqramın problemi aktivlərin qiymətləndirilməsi, onların səhmləşdirilməsi kimi inzibati problemləri olsa da bütövlükdə sözügedən təşəbbüs uğurlu oldu. Bu baxımdan, Azərbaycanda da Problemli Kreditlərin Sağlamlaşdırılması Proqramının (PKSP) qəbul edilməsinin vacibdir. Bu proqram çərçivəsində kreditlərin restruktruzasiyasının aparılması, onların dövlət tərəfindən satın alınaraq səhmləşdirilməsi və bazara çıxarılması, o cümlədən yeni güzəşt mexanizmlərinin müəyyələşdirilməsi mümkündür.

Nəticədə bu ABŞ-da olduğu kimi problemli kreditlər məsələsinin xeyili dərəcədə yumşalmasına, vətəndaşların banklardan borc asılılığının azalmasına eləcə də bankların özlərinin sağlamlaşdırılmasına səbəb ola bilər".

AzVision.az


Teqlər: İqtisadçı   Vüqar-Bayramov  





Xəbər lenti