Bu il işlə təmin olunanların 33 faizi gəncdir

  16 Dekabr 2017    Oxunub : 668
Bu il işlə təmin olunanların 33 faizi gəncdir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə həmin ali təhsil müəssisəsində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən xəbərə görə, tədbirin açılışı zamanı ölkəmizdə gənclər arasında məşğulluq səviyyəsinin artırılmasının dövlət məşğulluq siyasətinin mühüm tərkib hissəsi olduğu və bu istiqamətdə tədbirlərin ildən-ilə gücləndiyi vurğulanıb.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən bu ilin 11 ayında məşğulluğu təmin olunanların 33%-i, haqqı ödənilən ictimai işlərə cəlb olunanların 30%-i gənclərdən ibarət olub. Nazirliyin xətti ilə təşkil olunan peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin isə 57,3%-ni gənclər təşkil edib. Sağlamlıq imkanları məhdud gənclərin yeni peşələrə və bununla məşğulluq imkanlarına yiyələnmələri üçün də məqsədyönlü işlər aparılır. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən cari ilin yanvar-noyabr aylarında 285 nəfər, Mərkəz istifadəyə verildiyi vaxtdan bəri isə 1310 nəfər peşə kurslarına qəbul olunub.

Gənclərin işəgötürənlərin tələblərinə uyğun peşə və ixtisas seçiminin dəstəklənməsi üçün təkcə bu ilin 11 ayında məşğulluq orqanları tərəfindən 91,4 min nəfər gəncə əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə məlumatlar və peşəyönümü məsləhətləri verilib. “Karyerada ilk addım” devizi altında təşkil olunan aktiv məşğulluq tədbirləri də əsasən gənclərdən ibarət olan tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsinə, onların işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına xidmət edir. Cari ildə 10 universitetdə keçirilən belə tədbirlərdə 570 müəssisə üzrə 2,9 mindən çox vakant iş yeri təqdim edilib.

Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Karyerada ilk addım” devizi altında təşkil olunan və 105 müəssisədən nümayəndənin iştirak etdiyi tədbirdə də 22-si dövlət, 285-i özəl sektora aid ümumilikdə 307 boş (vakant) iş yerinin tələbə və məzunlara təklif olunduğu vurğulanıb.

Tədbirdə tələbə və məzunlar işəgötürənlərlə ilkin ünsiyyət quraraq, şəxsi məlumatlarını (CV) onlara təqdim ediblər. İşəgötürənlərə isə müvafiq ixtisaslar üçün kadrların seçimini aparmaq imkanı yaradılıb. Həmçinin boş (vakant) iş yerlərinə göndərişlər verilib, ixtisasartırma kurslarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.

AzVision.az

Teqlər: ƏƏSMN