18 kəndin su təchizatı yenilənib

18 kəndin su təchizatı yenilənib
  19 Dekabr 2017    Oxunub:1515
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” ölkə prezidentinin 17 mart 2017-ci il tarixli sərəncamına uyğun olaraq Sabirabad rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb.
“Azərsu” ASC-dən AzVision.az-a verilən məlumatda deyilir ki, layihə çərçivəsində rayonun 18 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. Bu münasibətlə Qaralar kəndində açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov regionlarda həyata keçirilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. O, bildirib ki, Aran bölgəsində yerləşən Sabirabad rayonunda içməli su təchizatı həmişə aktual olub. Son illər həyata keçirilən layihələr çərçivəsində rayon mərkəzi ilə yanaşı, bəzi kəndlərə də keyfiyyətli su verilib.

“Azərsu”nun sədr müavini Köçərli Həsənov isə regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində 47 şəhər və rayon mərkəzində, həmçinin 300-dən çox kənddə içməli su layihələrinin icra olunduğunu diqqətə çatdırıb. O, bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 170 kənddə içməli su təchizatı infrastrukturu yaradılıb və kəndlərin böyük əksəriyyətinə içməli su verilib: “Sabirabad rayonunda həyata keçirilən layihə qısa müddətdə icra olunub. 2014-cü ildə Kür sutəmizləyici qurğularından Sabirabad şəhərinə yeni magistral su kəmərinin çəkilməsi kəmərin marşrutu boyu yerləşən kəndlərin su təchizatı üçün əlverişli imkan yaradıb. Layihənin icrası nəticəsində kənd sakinləri yüksək keyfiyyətli içməli su ilə təmin olunurlar”.

Qeyd edək ki, dövlət başçısının sərəncamına uyğun olaraq, Sabirabad rayonunda icra olunan layihələr Əsədli, Məmişlər, Qaralar, Qəfərli, Qaraqaşlı, Balakənd, Qalağayın, Axısxa, Kovlar, Yenikənd, Qəzəli, Balvar, Həsənli, Cavad, Qaralı, Kürkənd, Suqovuşan və Surra kəndlərini əhatə edib. Kəndləri içməli su ilə təmin etmək üçün su mənbəyi Kür sutəmizləyici qurğuları-Sabirabad-Saatlı magistral su kəməri seçilib. Magistral kəmərdən yaşayış məntəqələrinə çıxışlar verilib və müxtəlif diametrli polietilen borularla ümumi uzunluğu 63 km olan su xətləri çəkilib. Həmin kəndlərdə ümumi istifadə üçün 163 ədəd bulaq quraşdırılıb. Yeni su təchizatı layihələrindən Sabirabad rayonunun 18 kəndinin 40 minədək sakini faydalanacaqdır.

Ümumilikdə sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub.

AzVision.az


Teqlər: Azərsu  





Xəbər lenti