Bakının “Ekspo 2025”-ə namizədliyi təqdim olundu

Bakının “Ekspo 2025”-ə namizədliyi təqdim olundu
  22 Dekabr 2017    Oxunub:2825
İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən mənzil qərargahında dekabrın 21-də Bakı şəhərinin Ekspo 2025 Ümumdünya Sərgisinə (World Expo 2025) namizədliyi ilə bağlı təqdimat keçirilib.
"Ekspo 2025" Bakı Əməliyyat katibliyindən AzVision.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi, Azərbaycanın Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, Ciddə şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, İƏT yanında daimi nümayəndəliklər, İƏT katibliyinin yüksək rütbəli rəsmiləri və digər qonaqlar iştirak edib.

Mərasimdə çıxış edən Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında səfiri və İƏT yanında daimi nümayəndəsi Rasim Rzayev Azərbaycan və İƏT arasında inkişaf etməkdə olan sıx münasibətlər barədə danışıb. R. Rzayev ölkə başçısı İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsini xüsusi vurğulayıb və bununla bağlı keçirilən tədbirlər haqqında bəhs edib.

Əsas təqdimatla çıxış edən Elçin Əmirbəyov Bakı şəhərinin Ekspo 2025 Ümumdünya ev sərgisinə namizədliyi, bu istiqamətdə görülmüş və həyata keçiriləcək işlər barədə məlumat verib. O bildirib ki, Bakının 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün namizədliyinin irəli sürülməsi 2017-ci ilin may ayında Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Sərgilər Bürosuna (BSB) müvafiq məktubun göndərilməsi ilə başlayıb.

E. Əmirbəyov Ekspo 2025 Ümumdünya sərgisi ilə bağlı qısa müddət öncə Azərbaycanın maliyyə naziri Samir Şərifovun sədrliyi ilə İşçi Qrupu, Bakıda və Parisdə Əməliyyat katibliklərinin yaradıldığını diqqətə çatdırıb. O, Azərbaycanın Ekspo 2025 üçün təklif etdiyi "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun bəşəriyyət üçün aktual olduğunu və beynəlxalq inkişaf gündəliyinə, xüsusilə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdığını vurğulayıb. E. Əmirbəyovun sözlərinə görə, Ekspo 2025 Bakı sərgisi beynəlxalq inkişaf gündəliyində duran qlobal məsələlərinin müzakirəsi üçün universal platforma rolunu oynayacaq. Xüsusi vurğulanıb ki, Ekspo 2025 sərgisinin Bakıda təşkili ilə bu beynəlxalq tədbirin keçirildiyi ənənəvi coğrafiya genişlənə bilər.

"Azərbaycanın Ekspo 2025 Ümumdünya Sərgisinə ev sahibliyi etmək niyyəti ölkəmizin milli inkişaf strategiyasından irəli gəlir. Ekspo Sərgisinə ev sahibliyi etməsi ilə Azərbaycan öz iqtisadiyyatının, təhsil, səhiyyə və iş sektoruna yatırılan sərmayələr nəticəsində insan kapitalının daha da gücləndirilməsinə nail olacaq. Ekspo 2025 Ümumdünya sərgisi son illər turistlərin böyük maraq göstərdiyi Azərbaycanda turizmin inkişafına da müsbət təsir göstərəcək" deyən birinci vitse-prezidentinin köməkçisi İƏT üzvü ölkələrin nümayəndələrinə müraciət edərək, Azərbaycanın Ekspo 2025 layihəsinə dəstək göstərilməsinə yardımçı olmağa çağırıb.

Səfər çərçivəsində E. Əmirbəyov İƏT baş katibinin müavini Həmid Opeleyori ilə də görüşüb, Bakı Ekspo 2025 layihəsi ətrafında fikir mübadiləsi aparıb.

AzVision.az


Teqlər: İƏT   Bakı   Ekspo-2025  





Xəbər lenti