Asiya İnkişaf Bankı “Şahdəniz” layihəsinə kredit ayıracaq

Asiya İnkişaf Bankı “Şahdəniz” layihəsinə kredit ayıracaq
  22 Dekabr 2017    Oxunub:1420
“Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının dövlət zəmanəti, habelə Asiya İnkişaf Bankı (ADB) zəmanəti ilə 524,5 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kreditin “Cənub Qaz Dəhlizi” QSC-yə (CQD) ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanıb.
CQD-dən AzVision.az-a bildirilib ki, qeyd olunan kredit müqaviləsinə dair zəmanət müqaviləsini Azərbaycan dövləti adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə CQD-nin baş direktoru Əfqan İsayev imzalayıb.

Xatırladaq ki, cari ilin may ayında ADB tərəfindən dövlət zəmanəti əsasında 15 il müddətinə 500 milyon ABŞ dolları məbləğində birbaşa kredit ayrılıb.

1966-cı ildə yaradılan ADB-yə 67 ölkə üzvdür. Azərbaycan ADB-yə 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respublikası bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.

CQD-nin baş direktoru Əfqan İsayev “Cənub Qaz Dəhlizi” layihələrinin Azərbaycanın uzunmüddətli, uğurlu və dayanaqlı inkişafını təmin edəcəyini bildirərək, bu istiqamətdə görülmüş işlər barədə məlumat verib: “Artıq “Cənub Qaz Dəhlizi” layihəsinə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı (birbaşa kredit vasitəsilə) qismində aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dəstək göstərilib. Cəmiyyət tərəfindən “Cənub Qaz Dəhlizi” layihəsi üzrə (mövcud “Şahdəniz-1” və Cənubi Qafqaz Boru Kəməri layihələri daxil olmaqla) 2020-ci ilə kimi (daxil olmaqla) ümumi tələb olunan təqribən 11,5 milyard ABŞ dolları məbləğində vəsaitdən indiyədək 8,4 milyard ABŞ dolları hissəsi, yəni təqribən 73 faizi icra edilib. Bundan cari ilin əvvəlindən bu günədək 2,3 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. Layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 98,5 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin 99,2 faizi yerinə yetirilmişdir, TANAP-ın inşası üzrə işlərin 87,4 faizi, “Trans-Adriatik” boru kəmərinin (TAP) inşası üzrə isə işlərin 60,8 faizi icra edilib. İnşaat işləri uğurla davam etdirilir”.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Boru Kəməri, yeni tikiləcək TANAP və TAP vasitəsilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.

“Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

AzVision.az


Teqlər: Şahdəniz  





Xəbər lenti