Bu il Bakı limanlarına 16219 gəmi gəlib

Bu il Bakı limanlarına 16219 gəmi gəlib
  25 Dekabr 2017    Oxunub:1489
Bu il Azərbaycanın dəniz limanlarına 16219 gəminin girişi və 16259 gəminin çıxışı rəsmiləşdirilib, həmçinin 3624 gəmi jurnalı təsdiq edilərək təhvil verilib, xarici dövlətlərin bayrağı altında üzən 1418 gəmiyə bələdçi xidməti göstərilib.
AzVision.az-ın məlumatına görə, bu, Azərbaycan Dövlət Dəniz Administrasiyasının 2017 – ci il ərzində görülən işlərə dair hesabatında öz əksini tapıb.

Hesabat dövrü ərzində Dövlət Dəniz Administrasiyası tərəfindən Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə” rəhbər tutularaq dəniz nəqliyyatı sahəsində dövlət siyasəti və tənzimlənməsi istiqamətində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi təmin edilib.

Bu ilin 28 may – 06 iyun tarixlərində dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupu Dövlət Dəniz Administrasiyasında audit yoxlaması həyata keçirib. Bu müddət ərzində Beynəlxalq Dəniz Təşkilatı tərəfindən Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyaların tətbiqi səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən limanların akvatoriyaları daxil olmaqla bütün ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, gəmilərə dair tələblərə əməl olunmasına nəzarət mexanizmi, gəmilərin hərəkətinin idarə edilməsi, limanlara daxil olan və limanlardan çıxan gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq yoxlanılması və giriş-çıxışına icazə verilməsi, dəniz mühitinin mühafizəsi, eləcə də bu sahədə mütəxəssislərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosesi dəqiq şəkildə və incəlikləri ilə araşdırılıb, gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq yoxlanılmasını həyata keçirən nəzarət müfəttişlərinin yalnız dənizçilərdən formalaşdırılması məqsədilə qanunvericiliyimizdə nəzərdə tutulan ixtisas tələbləri yüksək qiymətləndirilib, bu tələblərin və dəniz nəqliyyatı sahəsində formalaşdırılan digər bir sıra nəzarət mexanizmlərinin dəniz dövlətləri üçün ən yaxşı təcrübə (“Best practise”) ola biləcəyi vurğulanıb. Bununla yanaşı Azərbaycanda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlərin, qəbul edilən normativ hüquqi aktların, gəmilərin standartlarına nəzarət və müfəttişlər tərəfindən yoxlanılmasının, Administrasiyanın tabeliyində olan liman kapitanlarının fəaliyyətinin, liman akvatoriyalarında və ümumiyyətlə Azərbaycan Respublikasının bütün ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sisteminin Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə uyğun olaraq yüksək səviyyədə təşkil olunması xüsusilə qeyd edilib və audit yoxlamasının tam obyektivliyə əsaslanan nəticələrinə görə Respublikamız 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa dövlətlərini geridə qoyaraq statistika üzrə ön sırada yer tutub.

Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində qoşulduğu Beynəlxalq Dəniz Təşkilatının konvensiyalarının tələblərinə uyğun olaraq və Beynəlxalq Dəniz Təşkilatının Üzv Dövlətlərinin Audit Sxemi (IMSAS) üzrə adıçəkilən Təşkilatın 4 dekabr 2013-cü il tarixli A.1070(28) nömrəli və 2 dekabr 2015-ci il tarixli A.1105(29) nömrəli Qətnamələrinə əsasən Azərbaycan Respublikasında Beynəlxalq Dəniz Təşkilatının audit yoxlamasına hazırlıq məqsədilə aidiyyəti dövlət orqanları tərəfindən təqdim olunan rəy və təkliflər nəzərə alınmaqla hazırlanan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 16 may 2017-ci il tarixində qəbul edilib.

Həmçinin Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin müddəalarının Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 446-VQ nömrəli Qanunu ilə təsdiq edilən “Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında” 1976-cı il tarixli Beynəlxalq Konvensiyaya dəyişikliklər edilməsi barədə” 1996-cı il tarixli Protokola uyğunlaşdırılması məqsədi ilə hazırlanan “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanuna uyğun olaraq hazırlanaraq göndərilib və qeyd olunan qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq 20 oktyabr 2017-ci il tarixində qəbul olunub.

Aidiyyəti dövlət orqanları tərəfindən rəy və təkliflər nəzərə alınmaqla hazırlanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında Saziş” 08 avqust 2017-ci il tarixində imzalanıb.

2017-ci il ərzində Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən 140 gəmidə, xarici dövlətlərin bayrağı altında üzən 59 gəmidə geniş nəzarət yoxlaması həyata keçirilib. Aparılan yoxlamalar nəticəsində Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə ümumilikdə 1365 uyğunsuzluq halı aşkar edilib. Bu uyğunsuzluqlardan 811-i “Dənizdə insan həyatının mühafizəsi haqqında Beynəlxalq Konvensiya”nın (SOLAS), 333-ü “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın (STCW), 156-sı “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya”nın (MARPOL), 7-si “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya”nın (COLREG) və 58-i digər beynəlxalq konvensiyaların tələblərinin pozulması ilə əlaqədar olub. Eyni zamanda beynəlxalq konvensiyalar üzrə xarici dövlətlərin bayrağı altında üzən gəmilərdə ümumilikdə 466 uyğunsuzluq halı aşkar edilib. Həmin uyğunsuzluqlardan 370-i “Dənizdə insan həyatının mühafizəsi haqqında Beynəlxalq Konvensiya”nın (SOLAS), 27-si “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya”nın (MARPOL), 35-i “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”nın (ICLL), 3-ü “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya”nın (COLREG) və 29-u digər beynəlxalq konvensiyaların tələblərinin pozulması ilə əlaqədar olub. Uyğunsuzluqların aradan qaldırılmasına nəzarət edilərək bütün uyğunsuzluqların aradan qaldırılmasına nail olunub.

Bundan əlavə Administrasiyanın tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən 13175 gəmi izlənərək keçirilib, gəmilərə 788 hava haqqında məlumat və 1164 fırtına xəbərdarlığı ötürülüb, eləcə də 440 gəminin yedəkləmə əməliyyatı nəzarətə götürülərək təhlükəsiz yedəklənməsi əməliyyatı yerinə yetirilib. Həmçinin gəmilərdə xəstə olan dənizçilərlə bağlı 5 məlumat daxil olub və gəmilərdən həmin dənizçilərin sahilə təxliyə edilməsi təşkil edilərək müvafiq tədbirlər həyata keçirilib. Eyni zamanda Azərbaycan Respublikasının ərazi sularında yerləşən və dəniz limanlarına gedən dəniz kanallarından, farvaterlərdən, tövsiyə yollarından kənarlaşma halları aşkar edilib və qəza hallarının baş verməsinin qarşısı alınaraq 4 gəminin hərəkət istiqamətinin koordinasiyası təmin edilib.

Hesabat dövrü ərzində Administrasiya tərəfindən gəmilərə “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə”, “Mülkiyyət hüququ haqqında şəhadətnamə”, “Minimum heyət tərkibi haqqında şəhadətnamə”, “Neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında şəhadətnamə”, “Əmniyyətli İdarəetmə haqqında şəhadətnamə”, “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikat”, “Azərbaycan Respublikasının Dövlət gəmi reyestrindən və berbout-çarter reyestrindən çıxarış” və “Gəmi tarixinin fasiləsiz qeydlər sənədi” verilib.

Həmçinin gəmiçilik şirkətlərinə “Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə” təqdim edilib, müxtəlif təyinatlı gəmilər Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və berbout-çarter reyestrində qeydiyyata alınıb, gəmilər adıçəkilən reyestrlərdə təkrar qeydiyyata alınaraq onlara müvafiq şəhadətnamələr verilib.

Eyni zamanda gəmilərin “Dənizdə insan həyatının mühafizəsinə dair təlim və məşğələ üzrə təlimat”ı, “Yüklərin bərkidilməsi üzrə rəhbərliyi”, “Yanğınla mübarizə planının sxemi”, Gəmi qəza yedək əməliyyatları planı”, “Yanğınla mübarizə üzrə təlimə dair təlimat”ı, “Neftlə çirklənməyə qarşı fövqəladə mübarizə planı”, “Gəminin enerji effektivliyinin idarə olunması planı” və “Dəniz mühitinin gəmilərdən çirklənməsinə qarşı fövqəladə mübarizə planı” təsdiq edilib.

Yuxarıda qeyd edilən müddət ərzində Administrasiyanın əməkdaşları tərəfindən “Gəmi və Liman Vasitələrinin Mühafizəsinə dair Beynəlxalq Məcəllənin” (ISPS Code) tələblərinə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən 38 gəmidə yeniləmə, 11 gəmidə ilkin, 19 gəmidə ara yoxlaması keçirilib və həmin gəmilərə “Gəminin “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamə” verilib. Həmçinin 2 limanda yoxlama keçirilərək onlara “Limanın “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamə” verilib.

Qeyd edilən dövr ərzində Dənizçinin şəxsiyyət sənədi, Dənizçinin qeyd kitabçası hazırlanaraq sahiblərinə təqdim edilib.

“Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın, eləcə də “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq dənizçilərə sertifikat (diplom) və xüsusi hazırlıq şəhadətnaməsi verilib.

Bunlarla yanaşı, “Tanınmış Təşkilatlar haqqında” Məcəllənin tələblərinə əsasən Tanınmış Təşkilat və ya Təsnifat Cəmiyyətinin fəaliyyətinin qiymətləndirilməsi, onun beynəlxalq konvensiyaların və yerli qanunvericiliyin tələblərinə uyğunluğunun müəyyənləşdirməsi məqsədi ilə “Bureau Veritas” təsnifat cəmiyyətinin və “Xorvatiya Gəmiçilik Registri” təsnifat cəmiyyətinin yoxlanılması həyata keçirilib.

Həmçinin “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında əməkdaşlığa dair Təlimat” və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığa dair Fəaliyyət Planı” imzalanıb.

Dövlət Dəniz Administrasiyasının Aparatında çalışan dövlət qulluqçularının təlim-tədrisi ilə bağlı məsələlərə xüsusi diqqət ayrılıb. Administrasiyanın əməkdaşlarının beynəlxalq tədbir və təlimlərdə iştirakı təmin olunub. Bütün bunlar qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsinə və Azərbaycanın beynəlxalq səviyyədə tanınmasına xidmət etməkdədir. Əməkdaşlar ezamiyyələrə göndərilərkən onların qulluq funksiyalarına və dil bilgilərinə xüsusi diqqət yetirilib.

Dəniz nəqliyyatı sahəsi ilə bağlı inzibati məsuliyyəti müəyyən edən normativ hüquqi aktların, İnzibati Xətalar Məcəlləsinin və Ticarət Gəmiçiliyi Məcəlləsinin müvafiq hissələrinin bir daha nəzərdən keçirilməsini, dəyişikliklərin edilməsini, inzibati prosedurların yenidən işlənib hazırlanmasını nəzərdə tutan “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı Tvinninq layihəsi çərçivəsində “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında 1992-ci il tarixli Beynəlxalq Konvensiya və Neftlə çirklənmə zamanı dəyən ziyanın kompensasiyası üzrə Beynəlxalq Fondun yaradılması haqqında Beynəlxalq Konvensiya”, “Müxtəlif növ gəmilərdə baş vermiş real hadisələr üzrə inzibati icraatın təhlili”, “Dənizdə təhlükəli və zərərli maddələrin daşınması ilə əlaqədar dəymiş ziyana görə öhdəlik və təzminat üzrə Beynəlxalq Konvensiya”, “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında Beynəlxalq Konvensiya”, “Batmış gəmilərin qaldırılması haqqında Nayrobi Beynəlxalq Konvensiyası”, “Gəmilərin təhlükəsiz və ətraf mühitə uyğun şəkildə səmərəli utilizasiyasına dair Honq Konq Konvensiyası”, 2005/35/EC saylı Avropa Parlamentinin Direktivi, “Beynəlxalq Dəniz Təşkilatının Üzv Dövlətlərinin Audit Sxemi (IMSAS) üzrə Azərbaycan Respublikasında həyata keçirilmiş yoxlamanın nəticələrinə əsasən aşkar edilən bayraq nəzarəti müfəttişlərinin kvalifikasiyasına dair uyğunsuzluğun aradan qaldırılması haqqında”, “Beynəlxalq Dəniz Təşkilatının Konvensiyaları və “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” Beynəlxalq Konvensiyanın VI Əlavəsi – “Havanın gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair” Qaydaların təhlili” mövzularında ispan mütəxəssislərin iştirakı ilə, həmçinin İtaliya Respublikasında dəniz təhlükəsizliyinin həyata keçirilməsinə dair italyan mütəxəssislər tərəfindən seminarlar, həmçinin Fövqəladə Hallar Nazirliyi ilə birgə “Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə” üzrə və “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında Konvensiya”nın (MARPOL) tətbiqinə dair təlim kursları keçirilib.

Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin əməkdaşlarının təcrübi biliklərinin təkmilləşdirilməsi məqsədi ilə İspaniya Krallığında yerləşən Beynəlxalq Mayak Xidməti Assosasiyası tərəfindən akkreditasiya olunan “Centro Jovellanos” təlim-tədris mərkəzində gəmilərin hərəkətinin idarəetmə xidmətinin operatorları üçün olan müvafiq kurslarda iştirak təmin edilib.

Eyni zamanda “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı Tvinninq layihəsinin 2017-ci il 8 dekabr tarixində yekun iclası keçirilib. Belə ki, respublikamızda dəniz nəqliyyatı sahəsi üzrə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirilən bu layihə çərçivəsində qarşıya qoyulan məqsədlərə tam nail olunub.

Qeyd edilən dövr ərzində Dövlət Dəniz Administrasiyasında vətəndaşların qəbulu işinin təşkili “Vətəndaşların müraciətləri haqqında” 30 sentyabr 2015-ci il tarixli 1308-IVQ nömrəli Qanuna və Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin 8.13-cü bəndinə uyğun olaraq “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəhbərliyi və aparatın struktur bölmələrinin müdirləri tərəfindən vətəndaşların qəbul edilməsi qrafiki”ndə göstərilən günlər üzrə həyata keçirilib və zəruri hallarda vətəndaşlar qəbul günləri olmayan günlərdə də Administrasiyanın rəhbərliyi və Aparatın struktur bölmələrinin müdirləri tərəfindən qəbul ediliblər.

AzVision.az


Teqlər: dəniz   liman   gəmi  





Xəbər lenti