ABAD-ın satış nöqtələrinin sayı artırılır

  26 Dekabr 2017    Oxunub : 1059
ABAD-ın satış nöqtələrinin sayı artırılır

Ailə Biznesinə Asan Dəstək (ABAD) mərkəzinin Bakıda və Azərbaycanın rayonlarında satış nöqtələrinin sayı artırılır.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə müsahibəsində deyib.

ABAD”ın qısa müddətdir yaranmasına baxmayaraq, beynəlxalq təşkilatlar, qurumlar tərəfindən çox böyük maraqla qarşılandığını söyləyən İ.Kərimov xatırladıb ki, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Avropa İttifaqı bu layihəyə dəstək göstərir, “ABAD”ın inkişafı ilə bağlı maliyyə yardımı üzrə saziş imzalanıb:

Avropa İttifaqı (Aİ) Şəki-Zaqatala iqtisadi rayonunda ABAD-ın inkişafına təqribən bir milyon dollar ayıracaq. Layihə BMT-nin Bakı ofisi və Aİ ilə birgə əməkdaşlıq çərçivəsində 3 il ərzində həyata keçiriləcək. Bu onu göstərir ki, bu yeni bir brenddir, Azərbaycan məhsuludur”, - deyə İ.Kərimov söyləyib.

““ABAD”ın bir model kimi digər ölkələrə də tətbiqi barədə düşünmək olar. Cəmisi bir il keçməsinə baxmayaraq o, öz sıralarını genişləndirib, 178 ailə “ABAD”a qoşulub. “ABAD” iki sahə üzrə fəaliyyət göstərir: kənd təsərrüfatı, kiçik ailə bizneslərinə dəstək, xüsusilə də ucqar kəndlərdə yaşayan ailələrə dəstək, həmçinin sənətkarlara dəstək. Bunun da əsas mahiyyəti ondan ibarətdir ki, “ABAD” publik şəxs sahibkarlara, ailələrə onların biznes ideyalarının formalaşmasında, sertifikatların əldə olunmasına, daşınmada və ən əsası da satışda yardım edir”, - deyə İ.Kərimov bildirib.

O, ABAD-ın orta və kiçik sahibkarların istehsal etdiyi məhsulların satış mərkəzlərindən da söz açıb və bildirib ki, tezliklə ABAD-ın satış mərkəzləri Qəbələdə və Bakının beşulduzlu mehmanxanalarında açılacaq. O həmçinin qeyd edib ki, yaxın zamanlarda Bakının Nardaran qəsəbəsində və Şəki şəhərində keramika mərkəzi inşa olunacaq. “ABAD öz sektoru və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və bütün sahibkarlara dəstək olmağa hər zaman hazırdır. Kiçik sahibkarların əl işlərinin daha çox insanlara çatdırılması üçün İqtisadiyyat Nazirliyi ilə bundan sonra da sıx əməkdaşlıq davam etdiriləcək”.

AzVision.az

Teqlər: ABAD   ASAN-Xidmət   İnam-Kərimov