Azərbaycan qızıl-gümüş satışından 121 milyondan çox gəlir əldə edib

  27 Dekabr 2017    Oxunub : 1093
Azərbaycan qızıl-gümüş satışından 121 milyondan çox gəlir əldə edib
2017-ci ilin aprel-dekabr ayları ərzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) həyata keçirdiyi ixrac əməliyyatları üzrə 60 552 unsiya qızıl və 86 806 unsiya gümüş ixrac edib. Qiymətli metalların ixracı ölkə iqtisadiyyatına 121 milyon manatdan artıq gəlir gətirib.
AzVision.az xəbər verir ki, bu barədə “AzerGold”un yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, qiymətli metalların dünya bazarında satışının təşkili üçün beynəlxalq affinaj şirkətlərinin tələb etdiyi KYC (Know Your Customer) və təhlil (“due diligence”) prosedurlarını uğurla keçərək “AzerGold” QSC cari ilin aprel ayında İsveçrənin məşhur “Argor-Heraeus” şirkəti ilə qiymətli metalların saflaşdırılmasına dair müqavilə imzalayıb.

2016-cı ilin iyul ayında fəaliyyətə başlayan “AzerGold” QSC qısa müddət ərzində birsıra əhəmiyyətli işlərin görülməsinə nail olub. Belə ki, Daşkəsən rayonu ərazisində yerləşən Çovdar filiz emalı sahəsində müxtəlif təyinatlı təmir-tikinti işləri sayəsində yatağın fəaliyyəti bərpa edilib, optimallaşdırılıb, istehsalat 24 saatlıq iş rejiminə keçirilib, hasilat işlərinə start verilib. Ərazidə ekoloji tarazlığın qorunması üçün 6 mindən artıq ağac və kol əkilib və digər işlər görülüb. Çovdar mədənində işlərin düzgün və səmərəli aparılması, insanların əmək şəraitinin yaxşılaşdırılması üçün lazımi bütün işlər görülüb və infrastruktur yaradılıb. 2020-ci ildə yatağın yerüstü (oksid) mərhələsinin istismarı başa çatandan sonra 2021-ci ildə hasilata verilməsi planlaşdırılan yeraltı (sulfid) mərhələsinin hasilatına dair texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə beynəlxalq məsləhətçi şirkət ilə əməkdaşlıq edilir.

“AzerGold” QSC-nin strateji hədəfi Azərbaycanda əlvan metal sənayesinin dayanıqlı və davamlı inkişafını təmin etməkdir. Bu məqsədlə, Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarının həcminə görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmaqdadır.

Növbəti illərdə metallurji, laborator, geotexniki, hidroloji və ekoloji tədqiqatların aparılması planlaşdırılır. Bundan başqa, Balakən rayonu ərazisində yerləşən digər yataqda – Mazımçayda ehtiyatların hesablanması üçün buruq-qazma işləri həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Göydağ-Əlincə filiz qovşağının Ortakənd sahəsində kompleks geofiziki tədqiqatlar aparılmış və yaxın gələcəkdə buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması nəzərdə tutulub. Daşkəsən-Göygöl ərazilərində filizsaxlayan süxurlardan götürülmüş sınaq nümununələri beynəlxalq sertifikatlaşdırılmış laboratoriyada analiz olunur və analizlərin nəticələrinə uyğun kəşfiyyat işlərinin planı hazırlanır. Bu istiqamətdə növbəti illərdə də geoloji tədqiqatlar davam etdiriləcək. Cəmiyyətin fəaliyyətinin təşkili üçün bu gün 300-ə yaxın insan daimi işlə təmin olunub.

“AzerGold” QSC-nin sosial məsuliyyət üzrə siyasətinin reallaşdırılması, o cümlədən yerli icmaların ehtiyaclarının öyrənilməsi və ödənilməsi üçün Korporativ Sosial Məsuliyyət Komitəsi yaradılıb. Eyni zamanda təcrübə mübadiləsinın aparılması və kadr potensialının formalaşdırılması üçün Cəmiyyət elm və təhsil ocaqları ilə əməkdaşlıq etməkdədir.

AzVision.az

Teqlər: Qızıl   Gümüş   AzerGold