100 mindən çox insanın bankla problemi var

100 mindən çox insanın bankla problemi var
  28 Dekabr 2017    Oxunub:4765
Bank Ombudsmanı fəaliyyətə başlayandan quruma 163 müraciət daxil olub.
AzVision.az xəbər verir ki, bunu Bank Ombudsmanının məsul katibi Elçin Həsənov "Banklar və Biznes" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, müraciətlərin bəziləri Bank Ombudsmanının səlahiyyətlərinə daxil olmadığı üçün qəbul olunmayıb, bir qismi düzgün prosedur qaydalarına əməl olunmadığı üçün yenidən müraciət etmələri üçün izah edilib və sənədlər gözləmə mövqeyindədir, digər işlər isə icraat daxil edilib.

"Bank Ombudsmanının icraatına daxil olmuş 8 iş üzrə bankla müştəri arasında barışıq sazişi imzalanıb, 4 işin icraatına bankla müştəri arasında razılığa gəlinmədiyi üçün xitam verilib və digər işlər isə hazırda icraatdadır. Banklarla müştəri arasında əldə edilən razılıqlara əsasən borcun bağışlanılması, aşağı məzənnə ilə ödənişin tam bağlanılması və ya güzəştli şərtlərlə aşağı faizlə ödənişlərin aylar üzrə edilməsi və sair daxildir.

Bank Ombudsmanı Azərbaycanda yeni yaradılmış institutdur, bu səbəbdən problemlərin olması mümkündür. Burda əsas məsələ problemlərin meydana çıxması deyil, onların mümkün qədər tez aradan qaldırılmasına nail olmaqdır. Anlaşılmazlıqlar əsasən vətəndaşlar tərəfindən olur. Belə ki, vətəndaşlar bəzi hallarda natamam və aidiyyatı olmayan müraciətlər edirlər. Bank Ombudsmanı iddia məbləği maksimum 2000 dolların müraciətin daxil olduğu gün Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq manat və digər valyuta ekvivalentinə bərabər olan, mübahisə məhkəmə prosesində və mübahisəni mahiyyəti üzrə həll edən qüvvəyə minmiş məhkəmə aktı olmayan bütün növ şikayətlərə baxır. Bura kreditlərlə, depozitlərlə, kredit kartları və pul köçürmələri ilə bağlı şikayətlər daxildir".

Elçin Həsənov bildirib ki, statistik məlumatlara əsasən, 2000 dollar məbləğində banklarla fikir ayrılığı olan müştərilərin sayı 100 min nəfərdən artıqdır: "Bank Ombudsmanı İkram Kərimov hər zaman qeyd edib ki, iddia məbləğinin 2000 dollar müəyyən edilməsində əsas məqsəd az təminatlı ailələrin öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar qarşılaşdıqları problemlərin aradan qaldırılması və problemli kreditlərin böyük hissəsinin məhz bu məbləğdən aşağı olmasıdır. Məbləğ artırıldığı təqdirdə bu rəqəmin sayı daha da yüksələcək. Ona görə, ilkin mərhələdə götürülən məbləğ daha realdır. Gələcək görülən işlərin nəticəsindən və eləcə də qazanılan təcrübələrdən asılı olaraq, bu məbləğin daha da artırılması nəzərdə tutula bilər".

O, qeyd edib ki, 2018-ci ildə Bank Ombudsmanının səlahiyyətlərinin bir qədər də artırılması nəzərdə tutulub: "Eyni zamanda, Bank Ombudsmanı adının dəyişdirilərək Maliyyə Ombudsmanı İnstitunun yaradılması və bu fəaliyyəti tənzimləyəcək Qanunun qəbul olunması istiqamətində İkram Kərimovun rəhbərliyi ilə işlər böyük uğurla davam etdirilir. Bu qanunun qəbul edilməsi vətəndaşların təkcə banklarla deyil, sığorta və digər maliyyə bazarı iştirakçıları arasında olan fikir ayrilıqlarının məhkəməyə getmədən həllinə nail olunmasına ciddi səviyyədə təsir edəcəkdir. Artıq qanun layihəsi hazırlanmışdır və müzakirələr aparılır".

AzVision.az


Teqlər: Bank   Kredit  





Xəbər lenti