“ASAN Viza” daha 14 ölkədə

  28 Dekabr 2017    Oxunub : 1338
“ASAN Viza” daha 14 ölkədə
Bu il daha 14 ölkə “ASAN Viza” vasitəsilə elektron viza verilən ölkələr siyahısına əlavə edilib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 2017-ci ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.

Qeyd olunub ki, “ASAN Viza” sistemi vasitəsilə elektron vizaların verilməsi və onlardan istifadə edilməsi şərtləri” XİN və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə hazırlanmış və bu iki dövlət qurumu tərəfindən təsdiq edilib.

Ölkəmizdə turizmin təşviqi və inkişafı məqsədilə Azərbaycana səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi baxımından görülmüş aidiyyəti tədbirlər nəticəsində daha 14 xarici ölkə “ASAN Viza” sistemi vasitəsilə elektron viza verilən ölkələr siyahısına əlavə edilib.

Azərbaycan səfirlikləri tərəfindən vizaların rəsmiləşdirilməsinin səmərəliliyinin artırılması, həmçinin elektron turistik vizaların rəsmiləşdirilməsinin təşviqi və təbliği istiqamətində müvafiq işlər görülüb. Eyni zamanda, müxtəlif ölkələrlə diplomatik və xidməti pasporta malik şəxslərin qarşılıqlı olaraq vizasız səfərlərinin həyata keçirilməsi üzrə müvafiq sazişlər imzalanıb.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: ASAN-Viza