Daha 11 kəndin su təchizatı yenilənib

Daha 11 kəndin su təchizatı yenilənib
  29 Dekabr 2017    Oxunub:1475
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli Sərəncamına uyğun olaraq Ucar rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, layihə çərçivəsində rayonun 11 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində kəndlərə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib.

Ucar rayonunun Müsüslü kəndində keçirilən tədbirdə Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov regionlarda həyata keçirilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, Şirvan bölgəsində yerləşən Ucar rayonunda məhsuldar su mənbələri olmadığından içməli su təchizatı həmişə aktual olub. Son illər həyata keçirilən layihələr çərçivəsində rayon mərkəzi ilə yanaşı, bəzi kəndlərə də keyfiyyətli suyun verilməsi təmin edilib.

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində icra olunan içməli su layihələri barədə məlumat verib. Bildirib ki, Külüllü su qurğuları kompleksinin tikintisi və ətraf rayonlara magistral su xətlərinin çəkilməsi Şirvan bölgəsində 200 minədək sakinin keyfiyyətli içməli su ilə təminatına imkan yaradıb. Sədr müavini ölkə başçısının sərəncamına əsasən 170 kənddə su təchizatı infrastrukturunun yaradıldığını və kəndlərin böyük əksəriyyətinə içməli suyun verildiyini bildirib, bu sahədə işlərin növbəti illərdə də davam etdiriləcəyini vurğulayıb.

Açılış mərasimində iştirak edən kənd sakinləri bildiriblər ki, indiyədək kanallardan götürülən suyu duruldaraq istifadə ediblər. Sakinlər bu sahədəki problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Ucar rayonunda icra olunan layihələr 11 yaşayış məntəqəsini - Pirkənd, Qaracalı, Türkəçi, Küçəkənd, Təzə Şilyan, Müsüslü, Qarabörk, Xələc, Yuxarı Şilyan, Quləbənd, Alpı kəndlərini əhatə edir. Sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Külüllü-Ucar magistral kəməri seçilib. Su mənbəyindən rayonun yaşayış məntəqələrinə çıxışlar verilib və ümumi uzunluğu 43,8 kilometr olan su xətləri çəkilib. Kəndlərdə ümumi istifadə üçün 93 ədəd bulaq quraşdırılıb. Yeni su təchizatı layihələrindən Ucar rayonunun 11 kəndinin 21 min nəfər sakini faydalanıb.

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb. Kəndlərdə 535 kilometr su xətti çəkilib, 1394 bulaq quraşdırılıb. Bununla da 271 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.

AzVision.az


Teqlər: Azərsu  





Xəbər lenti