“DəmirBank”ın kreditorlarına müraciət edildi

“DəmirBank”ın kreditorlarına müraciət edildi
  04 Yanvar 2018    Oxunub:1399
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarına müraciət edib.
Fonddan AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi tərəfindən “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib. Eyni qərarla “DəmirBank” ASC-yə Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən ləğvedici təyin edilib.

Fonddan bildirilib ki, Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

“Kreditorlardan xahiş olunur ki, bu elanın dərc edildiyi gündən 60 (altmış) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etsinlər”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Bundan əvvəl “Dəmirbank”ın qorunan əmanətçilərinə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların “Kapitalbank” ASC vasitəsi ilə ödənilməsi barədə məlumat verilib. Həmin ödənişlərin vaxtı və yeri (müvafiq filiallar) barədə yaxın zamanda əlavə məlumat (elan) veriləcək.

AzVision.az


Teqlər: Dəmirbank  





Xəbər lenti