Milli Qəhrəmanın deputat xanımı: “Süfrə açıb onu gözləyirdik...”

  05 Yanvar 2018    Oxunub : 3543
Milli Qəhrəmanın deputat xanımı: “Süfrə açıb onu gözləyirdik...”
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin 71 yaşı tamam olur. Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları Şəhidlər Xiyabanına baş çəkərək onun məzarını ziyarət ediblər.
Qəhrəman döyüşçünün həyat yoldaşı, millət vəkili Flora Qasımova AzVision.az-a bildirib ki, Şirin Mirzəyevin ailəsi və yaxınları onun doğum gününü hər il məzarı başında qeyd edirlər.

“Hər il onun məzarını ziyarət edir, tədbirlər keçiririk. Bu gün də Şirin Mirzəyevin döyüş dostları onun xatirəsini anmaq üçün Şəhidlər Xiyabanına gəliblər. Biz həmişə onun ad günlərini mütləq qeyd edirdik. Bəzən evə gec gəlirdi. Süfrə açıb, o, gələnə kimi yolunu gözləyirdik. Şirin Mirzəyev ad günlərini həmişə ailəsi ilə birlikdə qeyd etməyi xoşlayırdı. Daha çox sadə məclislərə üstünlük verirdik. Nəvələrimizdən birinin adını Şirin qoymuşuq. Tədbirdə ona sual verdilər ki, kim olacaqsan? Dedi, əsgər. Nəvələrimiz babaları ilə fəxr edirlər. Şirin xatirəmizdədir. Həyatda var olduqca, onu anacağıq”- F.Qasımova vurğulayıb.

Qeyd edək ki, Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açıb. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olunub və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıdıb. 1988-ci ildə Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçib. 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirib 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu min bir əziyyətlə yaradıb. Bu, o dövr üçün çox zəruri bir addım idi. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradılıb.

Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirib.

1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradılıb və ürəyi Vətən sevgisilə çırpınan podpolkovnik Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçilib. Onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sırxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edilib. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirib.

Əzabkeş sərkərdə Ş.Mirzəyev həmişə ön xəttə olub. Onun bu keyfiyyəti alayın bütün üzvlərini cəsarətləndirib. İlk anlar könüllülük prinsipi ilə gələn döyüşçülər bir qədər ərköyünlük edirdilər. Ş.Mirzəyevin özünün şəxsi nümunəsi, hərbi qanunlara ciddi riayət etməsi, hər bir əsgərə fərdi qayğısı və tələbkarlığı sayəsində bütün nöqsanlar aradan qaldırılıb. O, 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib. Və 1993-cü il fevral ayının 5-də Şirin Mirzəyevin şəxsi təşəbbüsü ilə yaradılmış tədris taboru ləğv edilib.

Şahanə Rəhimli
AzVision.az

Teqlər: Şirin-Mirzəyev   Milli-Qəhrəman   Flora-Qasımova