Komitədən ittihamlara cavab: “Cəmiyyəti aldadırlar”

Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, bu gün internet portallarının birində "Aydın Əliyevin işçisinin görünməmiş vəhşiliyi" adı altında gömrük əməkdaşının sərhədi keçmək istəyən insanlarla kobud rəftarını əks etdirən video yayımlanıb.
Məlumatda deyilir ki, təqribən 14 ay əvvəl baş verən hadisənin yeni kimi təqdim olunması təəssüf doğurur: “Əsas işi xəbər olan media qurumları həm də yaydıqları xəbərlərin, məlumatların doğruluğu, qərəzsizliyinə də birbaşa məsuliyyət daşıyır. Görünür, bəziləri üçün bu meyarlar o qədər də əhəmiyyət daşımır. Əks halda xəbərin dəqiqliyini yoxlamaq üçün qarşı tərəfin mövqeyini öyrənməyə cəhd göstərərdilər. Bu isə o deməkdir ki, məlumatı yayan xəbər portalı ya bunu sifarişlə həyata keçirir, ya da hansısa jurnalist internetdə qarşısına çıxan videonu işlədiyi qurumun rəhbərinə bilərəkdən və ya bilməyərəkdən yeni kimi təqdim edir, onlar qarşı tərəfin mövqeyini öyrənməyə ehtiyac görmədən birlikdə cəmiyyəti aldadırlar”.
AzVision.az
Teqlər: DGK