Sumqayıtda oğurluq edən 2 nəfər tutulub

Sumqayıtda oğurluq edən 2 nəfər tutulub
  08 Yanvar 2018    Oxunub:1442
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-dən AzVision.az-a verilən məlumata görə, Sumqayıt şəhər sakini olan bir qadının bank hesabından pul çıxarılaraq oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

Məlumatla əlaqədar Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və şəhər sakini İ.Abbasovanın bank hesabından 75 manatının çıxarılaraq oğurlanması məlum olub.

​Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə həmin pulu oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. ​Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Qasımov olması müəyyən edilib.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun ötən ilin dekabr ayının 10-dan 28-dək olan müddətdə şəhər ərazisində 1 avtomobildən ərzaq məhsulları, 1 qadına məxsus, içərisində 200 manat olan pulqabısını, “Mitsubishi” markalı avtomobildən akkumulyator, 2 velosiped, habelə qəbiristanlıqların birindən məzarın üzərindəki süni gülləri oğurlaması da müəyyən edilib.

​Həyata keçirilmiş digər əməliyyat tədbirləri ilə şəhər sakini olan bir qadının cibindən mobil telefon, 1 həyətyanı sahədən geyim əşyaları, 1 internet klubdan 10 ədəd yaddaş qurğusu, habelə qəbiristanlıqlardan birindən məzarın üzərindəki 2 ədəd mərmər güldanı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Mürsəlov saxlanılıb.

Faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN   Sumqayıt   Oğurluq  





Xəbər lenti