Gecikdirilən sosial ödəniş işçilərə ödənilib

  09 Yanvar 2018    Oxunub : 423
Gecikdirilən sosial ödəniş işçilərə ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən gördüyü tədbirlər nəticəsində 2017-ci ildə işəgötürənlər tərəfindən 103 334 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, həmin vəsaitin 91,6 faizini əmək haqları, 5,5 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib. Vətəndaş müraciətlərinin araşdırılması zamanı qanunvericiliyin tələblərinə zidd şəkildə işdən azad edildiyi müəyyən olunan 12 nəfər vətəndaşın hüquqları bərpa olunaraq, onlar yenidən əvvəkli iş yerlərinə bərpa etdiriliblər. Bu tədbirlər çərçivəsində həmçinin Xidmətin əməkdaşları tərəfindən aidiyyəti işəgötürənlərə əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları, habelə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülməli olan tədbirlər barədə qanunvericiliyin müvafiq maddələri izah olunub.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq İş planına uyğun olaraq ayrı-ayrı orta məktəblərin yuxarı sinif şagirdləri arasında əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri ötən il də davam etdirilib. Həmçinin əmək qanunvericiliyi, o cümlədən əməyin mühafizəsi ilə bağlı norma və standartlar barədə işəgötürənlər arasında məlumatlandırma işləri aparılıb.

AzVision.az

Teqlər: ƏƏSMN