“2018-ci il Azərbaycan üçün uğurlu olacaq” - İqtisadçı ekspert

“2018-ci il Azərbaycan üçün uğurlu olacaq” - İqtisadçı ekspert
  10 Yanvar 2018    Oxunub:3872
“Bu il iqtisadi baxımından 2017-ci illə müqayisədə daha uğurlu olacaq. Nəzərə alsaq ki, 2018-ci ildə yalnız Azərbaycan höküməti deyil, eyni zamanda beynəlxalq maliyyə qurumları, Beynəxalq Valyuta Fondu, Dünya İnkişaf Bankı Azərbaycanda iqtisadi artımın olacağını proqnozlaşdırır. Bu isə o deməkdir ki, ölkədə iqtisadi artım rəsmi deyil, həm də beynəlxalq qurumlar tərəfindən proqnozlaşdırılır və gözlənilir”.
Bu barədə AzVision.az-a açıqlaması iqtisadçı ekspert Vüqar Bayramlı deyib. Ekspertin sözlərinə görə, iqtisadi artımın olması bir sıra sektorlarda canlanmaya səbəb olacaq.

“Lakin bank və maliyyə sektorunda 2018-ci ildə bir sıra problemlərin qalması gözlənilir. Güman olunur ki, bankların kredit və depozit portfelində kəskin artımlar olmayacaq. Xüsusən də bankların kreditləşməsi ilə bağlı çətinliklər qalmaqdadır. 2017-ci ilin yekunları göstərir ki, Azərbaycan kommersiya banklarının kredit portfelində kəskin azalmalar müşahidə olunur. 2017-ci ilə Azərbaycan bankları 16 milyard 705 milyon manat kredit portfeli ilə başlayıblarsa, bu rəqəm 2017-ci ilin sonunda 12 milyard 152 milyon manata qədər azalıb. 2017-i ildə kommersiya banklarının kredit portfelindəki azalmalar praktik olaraq 4, 5 milyard manatdan çox olub. Kifayət qədər ciddi rəqəmdir. Kommersiya banklarının depozit portfelində də azalmalar müşahidə edilib. 2017-ci ilə kommersiya bankları 7,7 milayrd manatıq depozit portfeli ilə başlamışdılarsa, ilin sonuna 7,2 milyard manatlıq depozit portfeli qeydə alınıb. Praktiki olaraq ötən müddətdə kommersiya banklarının depozit portfeli yarım milyard manat azalıb”.

V.Bayramlı bildirib ki, qeyd olunan rəqəmlər kommersiya banklarının 2018-ci ilə heç də məqbul və ya arzuolunan göstərici ilə daxil olmadığından xəbər verir. “Bu, o deməkdir ki, 2018-ci il kommersiya bankları üçün heç də asan olmayacaq. Təəssüf ki, 2016- 2017-ci illərdə biz kommersiya banklarının birləşdirilməsi, konsolidasiyasını görmədik. 2016-ci ildə 11 bank, 2017-ci ildə isə 1 bankın müflis olması qeydə alındı. Maliyyə Bazarlarına Nəzarət Palatasının özünün qiymətləndirməsinə əsasən 3 bankın fəaliyyətində çətinliklər var. Bütövlükdə bizim qiymətləndirməmiz göstərir ki, 7 bankın indiki mərhələdə sağlamlaşdırılmasına ehtiyac var. 2018-ci ildə Maliyyə Bazarlarına Nəzarət Palatasının əsas vəzifəsi və funksiyası bankların müflis olması deyil, birləşdirilməsi istiqamətində olmalıdır. Müflisləşmə bank sektoruna inamı azaldır. Eyni zamanda qorunmayan əmanətlərin qaytarılması ilıə bağlı çətinlik yaradır”.

Ekspert hesab edir ki, bankların bağlanması, qorunmayan əmanətlərin qaytarılması, dövlətin maliyyə öhdəliyi və bank sektoruna inam baxımından arzuolunan deyil. İqtisadçı qeyd edib ki, 2018-ci ildə bankların sağlamlaşdırılması ilə bağlı siyasətin tamamilə dəyişdirilməsinə ehtiyac var.

Aytən Zəhra
AzVision.az


Teqlər: Vüqar-Bayramov   Bank   İqtisadi  





Xəbər lenti