Azərbaycanda 1404 qızıl alverçisi var

Azərbaycanda 1404 qızıl alverçisi var
  11 Yanvar 2018    Oxunub:2161
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2017-ci il ərzində 188,6 min manat dövlət rüsumunun ödənilməsi təmin edilib.
Sahibkarların müraciətləri əsasında zəruri cihaz və avadanlıqlarla təchiz edilmiş stasionar və mobil laboratoriyada ölkədə istehsal edilən və xaricdən gətirilərək ticarət şəbəkələrində satışa çıxarılan qiymətli metallar və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları üzərində mütəmadi əyar nəzarətinin həyata keçirilməsi təmin edilib.

Maliyyə Nazirliyindən AzVision.az-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Lisenziya və icazələr haqqında” Qanunun 3 nömrəli əlavəsində “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 70-ci bəndinə əsasən qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası icazələr növünə aid edilib və ümumilikdə 1404 hüquqi və fiziki şəxsə icazə verilib.

“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə Azərbaycan Respublikasının ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları Azərbaycan Respublikasının dövlət əyar damğası ilə damğalanması barədə və habelə “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərlə əlaqədar, xidmət səlahiyyətləri daxilində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə bağlı mütəmadi olaraq qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi ilə məşğul olan sahibkarlıq fəaliyyəti subyektlərinə izahat məktubları göndərir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılmış yoxlamaların dayandırılması haqqında” Qanununa əsasən 2015-ci il 1 noyabr tarixindən xidmət tərəfindən aparılan yoxlamalar dayandırılıb.

AzVision.az


Teqlər: Qızıl  





Xəbər lenti