Ötən il Bakı Limanı 4.4 milyon ton yük aşırıb

Ötən il Bakı Limanı 4.4 milyon ton yük aşırıb
  15 Yanvar 2018    Oxunub:1518
2017-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsi ilə daşınan yüklərin həcmi 4.4 milyon ton təşkil edib.
Limanın mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, ümumi yük daşımanın (neft terminalı xaric) həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% artıb və yük mübadiləsinin 85.7%-i tranzit yük daşımaların payına düşübdür.

2017-ci ildə nəzərəçarpacaq artım dəmiryolu və sərnişin daşınmasında, həmçinin təkərli texnikanın, xüsusən də iri həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb. Belə ki, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının Bərə terminalında vaqon aşırılması 26,4% artaraq 46 679 ədədə çatıb. Vaqonların 19 493 (41.8%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 6 124 vaqon (13.1%) Bakı-Aktau-Bakı istiqamətində, 21 062 vaqon (45.1%) isə 2017-ci ilin mart ayında istifadəyə verilmiş Kurik Limanı (Bakı-Kurik-Bakı) istiqamətində hərəkət edib. Hər iki istiqamətdə (Türkmənistan və Qazaxıstan) keçən sərnişindaşıma isə 41.4% artaraq 33 129 nəfər təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən nəqliyyat vasitələrinin sayı 21.4% artaraq 28 584 ədəd olub. Bunlardan 18 840 ədədi (65.9%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 9 716 ədədi (34.0%) Bakı-Aktau-Bakı istiqamətində, 28 ədədi (0.1%) isə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib.

Konteyner aşırılmasına gəldikdə isə 2017-ci ildə bu say 20 futluq konteyner (TEU) ekvivalentində 15 337 ədəd təşkil edib. Bunlardan 8447 TEU (55%) Qazaxıstan limanları, 6890 TEU (45%) isə Türkmənbaşı limanının payına düşüb. Ümumi yükaşırmada 67.8% və ya 10 397 TEU yeni Bakı Limanın Bərə terminalı, 32.2% və ya 4940 TEU isə Bakı şəhərinin mərkəzində yerləşən Əsas yük terminalı vasitəsi ilə daşınıb.

Əsas yük terminalında aşırılan bütün yüklərin həcmi 2017-ci ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə 44.6% artaraq 607.7 min ton olub. Bu yüklərin böyük hissəsi tranzit konteynerlərin və digər quru yüklərin payına düşüb.

Qeyd edəki ki, 2018-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının Ro-Ro terminalının açılışı həyata keçirilib. Ən müasir texniki tələblərə uyğun tikilən terminal 2 körpüdən ibarət olmaqla ildə 60 min TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanına malikdir. Yeni Bakı Limanının inşasının ikinci fazasının bitməsi ilə yükaşırma potensialı 25 milyon ton yük, o cümlədən 500 000 TEU olacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Bakı-Limanı  





Xəbər lenti