SOCAR Bolqarıstanda araşdırma aparacaq

SOCAR Bolqarıstanda araşdırma aparacaq
  16 Yanvar 2018    Oxunub:1672
SOCAR tezliklə Bolqarıstanda qazlaşma məsələlərini araşdıracq və imkanlar barədə məlumat verəcək.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisov ilə mətbuata bəyanatında deyib.

Dövlət başçısı qeyd edib: "Bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyini nəzərə alaraq, biz bu gün cənab Baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər".

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ölkə daxilində qazlaşdırmanı uğurla icra edir: "Hazırda ölkəmizin 93 faizi qazlaşdırılıb və cari ilin sonuna qədər bu rəqəm 95 faizə çatacaqdır".

Azərbaycan Prezidentinin sözlərinə görə, bununla paralel olaraq, digər ölkələrdə də SOCAR qazlaşdırma ilə bağlı investor kimi fəaliyyət göstərir, o cümlədən Gürcüstanda və Albaniyada: "Albaniyanın qazlaşdırılması ilə bağlı müvafiq memorandum imzalanmışdır. Hesab edirəm ki, Bolqarıstanda da qazlaşdırma ilə bağlı SOCAR-ın investor kimi fəaliyyəti həm SOCAR üçün, həm Bolqarıstan istehlakçıları üçün önəmli hadisə ola bilər. Müvafiq göstərişlər verilmişdir və əminəm ki, danışıqlar tezliklə başlanacaq".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   SOCAR   Bolqarıstan  





Xəbər lenti