Azərbaycanda qeyri-neft sektoru 3,7 faiz artıb

  17 Yanvar 2018    Oxunub : 340
Azərbaycanda qeyri-neft sektoru 3,7 faiz artıb

Azərbaycanda ötən il 39,6 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib. Əvvəlki illə müqayisədə sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 3,7% artmasına baxmayaraq, neft sektorunda 4,7% azalma sənaye məhsulunun ümumi istehsalının 3,4% azalmasına səbəb olub.

AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 69,9%-i mədənçıxarma sektorunda, 24,7%-i emal sektorunda, 4,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatında 5,6%, əmtəəlik qaz hasilatında isə 3,0% azalma qeydə alınıb.

Emal sektorunda qida məhsullarının istehsalı 1,0%, içkilərin istehsalı 17,2%, tütün məmulatlarının istehsalı 7,9%, toxuculuq sənayesi məhsullarının istehsalı 44,7%, geyim istehsalı 15,5%, ağacın emalı və ağacdan məmulatların istehsalı 34,7%, kağız və karton istehsalı 0,6 %, kimya sənayesi məhsullarının istehsalı 16,5%, əczaçılıq məhsullarının istehsalı 2,5 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 71,7%, tikinti materiallarının istehsalı 46,6%, kompüter və elektron məhsulların istehsalı 25,5%, elektrik avadanlıqlarının istehsalı 34,6%, maşın və avadanlıqların istehsalı 42,9%, sair nəqliyyat vasitələrinin istehsalı 14,7%, mebel istehsalı 16,2% artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,7%, poliqrafiya məhsullarının istehsalı 2,4%, metallurgiya sənayesi məhsullarının istehsalı 8,7%, hazır metal məmulatlarının istehsalı 12,0%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 44,4% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmində 2,6%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,2% azalma qeydə alınıb.

Teqlər: DSK   neft   qeyri-neft-sektoru