Bu il 2 min km-dən artıq yol tikiləcək

  17 Yanvar 2018    Oxunub : 422
Bu il 2 min km-dən artıq yol tikiləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2017-ci ilin yekunlarına və 2018-cı il qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.

Agentlikdən AzVision.az-a verilən məlumata görə, iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb. S.Məmmədov 2017-ci il ərzində prezident İlham Əliyevin birbaşa dəstəyi və qayğısı nəticəsində respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələrin həyata keçirildiyini və hazırda da bu işlərin uğurla davam etdirildiyini bildirib.



S.Məmmədov ötən il ərzində agentlik tərəfindən nəzərdə tutulan bütün respublika əhəmiyyətli, kəndə və qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işlərinin uğurla icra olunduğunu qeyd edərək, ümumilikdə uzunluğu 1335 km təşkil edən yolların yenidən qurulduğunu və təmir olunduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb.



Sədr prezident İlham Əliyevin regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsinin, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq kənd və qəsəbələrarası avtomobil yollarının tikintisinin vacibliyi barədə səsləndirdiyi tövsiyə və tapşırıqlarına əsasən 2018-ci ildə də bu istiqamətdə genişmiqyaslı işlərin aparılacağını, uzunluğu 2 min km-dən artıq kəndlərarası və qəsəbələrarası avtomobil yolu layihəsinin, habelə digər respublika əhəmiyyətli və magistral avtomobil yollarının layihələrinin icrasının həyata keçiriləcəyini bildirib.



İclas zamanı digər çıxış edənlər də, zəngin potensiala malik olan Azərbaycanda yol infrastrukturunun inkişafının ölkənin əsas prioritetlərindən birinə çevrildiyini vurğulayıblar. İclas zamanı bir daha vurğulanıb ki, “Azərbaycanda ən müasir yol infrastrukturu yaradılacaq” deyən ölkə başçısı İlham Əliyevin diqqətinin nümunəsi olaraq növbəti aylar və illərdə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən prosesin reallaşdırılması uğurla davam etdiriləcək.

AzVision.az

Teqlər: yol   təmir