20 Yanvar faciəsinin qurbanları “Azərsu”da anılıb
Azərbaycan xalqının ən çətin günlərində xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xarici jurnalistlər qarşısında imperiyanın və Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa edib. Ulu öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra bu hadisələrə tam siyasi-hüquqi qiymət verilib. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü elan edilib.
Yanvar faciəsi qurbanlarının əziz xatirəsini həmişə uca tutan Prezident İlham Əliyev onların adlarının əbədiləşdirilməsi, şəhidlərin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşıb. Hər il faciənin ildönümü günündə Şəhidlər xiyabanına gələn dövlət başçısı 20 Yanvar qurbanlarının xatirəsini ehtiramla yad edir.
Sonra tarixçi alim Nizami Süleymanov Sovet imperiyasının və erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi məkrli siyasəti tarixi faktlarla əsaslandırıb. Qeyd edib ki, 20 Yanvar hadisələri böyük bir geosiyasi prosesin başlanğıcı olub. Bu bəşəri cinayətin törədilməsi SSRİ kimi bir imperiyanın çökməsini daha da yaxınlaşdırıb. Qanlı Yanvar hadisələri sovet imperiyasının qəddar siyasətini təsdiq etməklə yanaşı, xalqımızın azadlıq əzmini, müstəqillik və dövlətçilik ideyalarına sıx bağlı olduğunu bir daha nümayiş etdirib.
Anım mərasimində su təsərrüfatında çalışmış Cəbrayıl Xanməmmədovun faciə günü həlak olması, su təsərrüfatı işçilərindən Təranə İmanova, Xariz Alimov, İvan Proxorov, Kamil Həzrətquliyev və Hüseyn Quliyevin yaralandığı xatırlanıb.
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov və şəhid Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova şəhidlərin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildiriblər. Qeyd olunub ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı həyata keçirilmiş qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.
AzVision.az