Azərbaycanda unikal cərrahi əməliyyat

Azərbaycanda unikal cərrahi əməliyyat
  22 Yanvar 2018    Oxunub:3327
Son illərdə dünya standartlarına uyğun inkişaf yolunu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artıb. Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklərin müalicə edilməsi, unikal və mürəkkəb əməliyyatların icrası, yeni metodların tətbiqi əhalinin sağlamlığının qorunması istiqamətində əsaslı inkişafa təkan verib.
Tibbin ən son yeniliklərinin tətbiqinin nəticəsi olaraq, bu günlərdə Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) ölkə səhiyyəsində daha bir ilkə imza atıb. Unikal əməliyyat Mərkəzin “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində həyata keçirilib. Bu barədə əməliyyatı icra edən şöbə müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad ŞOLANın məlumatına görə, Azərbaycan səhiyyəsində ilk dəfə 12 yaşlı uşağın böyrəyindəki törəmə tibbin ən son nailiyyətlərindən sayılan “tək port laparoskopik cərrahiyyə” üsulu ilə xaric edilib. Xəstənin böyrəyində böyük ölçülü kistik törəmə olmasına və bu törəmənin ana damarlara yaxın olmasına baxmayaraq, nəticə çox uğurlu olub, 1 sm-lik dəlikdən törəmə xaric edilib. Beləliklə, uşaq gələcəkdə yarana biləcək ciddi uroloji problemlərdən xilas olunub.

Məlumat üçün bildirək ki, standart laparoskopik cərrahiyyədən fərqli olaraq, “Tək port laparoskopik cərrahiyyə” üsulu ilə bir neçə dəlik əvəzinə, tək kəsik və ya dəlik vasitəsilə qarın boşluğuna xüsusi port yerləşdirilir, daha sonra xüsusi alətlər bu portdan daxil edilərək əməliyyat icra edilir. Bu üsulun tətbiqi zamanı kosmetik olaraq iz qalmır, tək bir kəsik olduğu üçün həm yara yerində infeksiya riski azalır, eyni zamanda ağrı cüzi olur. Belə xəstələr əməliyyat stressini və təsirini az hiss edir, əməliyyat sonrası eyni gündə evə yazılır, yataqdan erkən ayağa qalxaraq gündəlik həyat fəaliyyətinə qısa zaman içərisində qayıdır.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə böyüklərdə tək port laparoskopik cərrahiyyə də cərrah-uroloq Rəşad Şolan tərəfindən həyata keçirilib.

Dünyanın aparıcı tibb mərkəzlərində icra olunan bu kimi unikal əməliyyatların artıq Azərbaycanda da aparılması ölkə səhiyyəsinin sürətli inkişafının əyani göstəricisidir.

AzVision.az



Teqlər: Əməliyyat   Həkim  





Xəbər lenti