148 dövlət əmlakı hərraca çıxarılıb

148 dövlət əmlakı hərraca çıxarılıb
  22 Yanvar 2018    Oxunub:1673
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 20 fevral tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Komitədən AzVision.az–a verilən xəbərə görə, budəfəki hərracda müxtəlif çeşidli 148 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 25-i səhmdar cəmiyyətləri, 71-i kiçik dövlət müəssisə və obyekti, 52-i istifadəsiz qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Salyan Broyler”, “Qax Taxıl”, “Zərdab Aqrotexservis”, “Bərəkət”, “Ağdaş Quşçuluq”, “Yevlax Yük Avtonəqliyyat”, “Cəlilabad Məişət” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.

Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Salyan Broyler” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 170 min manata yaxındır.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Yevlax, İsmayıllı, Sabirabad, Yevlax, Zərdab, Şirvan, Xızı bölgələrində və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 19 kv.m ilə 4 min 386 kv.m arasında dəyişir.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Ağcabədi, Astara, Salyan, Şəki və digər şəhər və rayonlarında yerləşir. Özəlləşdirilməyə çıxarılan müəssisələr sırasında İsmayıllı Təmir Tikinti Sahəsi, Balakəndə olan Əmlak kompleksi kimi iri dövlət əmlakları var. Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 37-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 10 kv.m ilə 547 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır. Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür. https://azvision.az/redirect.php?url=http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3418

Qeyd edilməlidir ki, xarici investorları nəzərə alaraq hərracların elanları ingilis dilinə də tərcümə edilib və portalın ingilis dili bölməsində yerləşdirilib. Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır.

Prosesə çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

AzVision.az


Teqlər: Hərrac   Əmlak  





Xəbər lenti