Prezident Mətin Eynullayevi nazir müavini təyin etdi

  22 Yanvar 2018    Oxunub : 4036
Prezident Mətin Eynullayevi nazir müavini təyin etdi
Vergilər Nazirliyində yeni kadr təyinatı olub.
AzVision.az-ın məlumatına görə, təhsil nazirinin müavini vəzifəsindən azad edilən Mətin Eynullayev vergilər nazirinin müavini təyin edilib.

Bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2018-ci il 17 yanvar tarixində sərəncam imzalayıb.

Qeyd edək ki, Mətin Balasən oğlu Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

“Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.

2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət qulluğunun kiçik müşaviridir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Vergilər-Nazirliyi   Mətin-Eynullayev   Nazir-müavini