Azərbaycanda su çiçəyi xəstəliyi ən çox Bakıda yayılıb

Azərbaycanda su çiçəyi xəstəliyi ən çox Bakıda yayılıb
  22 Yanvar 2018    Oxunub:9743
2016-ci illə müqayisədə ötən il su çiçəyi xəstəliyinə yoluxanların sayında artım müşahidə edilib.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyi (SN) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. O, bildirib ki, ötən il su çiçəyi xəstəliyinə tutulanların sayında 0,5 faiz artım olub.

“Məndə olan məlumata görə, 2018-ci ilin ilk ayı üçün vəziyyət sabitdir. Artım və ya xəstələnmə ilə bağlı bizə müraciət daxil olmayıb. Buna baxmayaraq, hadisələr qeydə alınır. 2017-ci ildə su çiçəyi xəstəliyinə tutulanların sayında cuzi artım var. Keçən ilin yanvar və fevral aylarında isə artım müşahidə edilib. Ondan sonra azalma qeydə alınıb. Çox güman ki, bu il xəstəliyin azalmasını müşahidə edəcəyik”.

A.Əliyeva qeyd edib ki, xəstəlik hazırda peyvəndlə idarə edilmədiyi üçün hər 3-4 ildən bir artım müşahidə edilir. “Sonrakı illərdə isə azalma olur. Bu, infeksiyon xəstəliyinə aid bir xüsusiyyətdir. Peyvənd tətbiq ediləndən sonra bunun qarşısı alınacaq. Su çiçəyi çox ağır xəstəlik deyil, yüngül keçir. Su çiçəyi xəstəliyinə tutulma daha çox Bakı şəhərində olur. Xəstəlik uşaqlar arasında müşahidə edilir. Kollektivlərdə, məktəblərdə olan bir infeksiyadır. Bağlı şəraitdə payız qış mövsümündə əsasən müəyyən qədər artır. Sonrakı isti aylarda azalma müşahidə olunur”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Su-çiçəyi   Xəstəlik   Həkim  





Xəbər lenti