Komaya düşən deputatın əməliyyatı 9 saat çəkib

  22 Yanvar 2018    Oxunub : 3607
Komaya düşən deputatın əməliyyatı 9 saat çəkib

“Deputat Nəriman Əliyevin vəziyyəti hazırda qənaətbəxşdir. Ölkə səhiyyəsi və həkimlik üçün çox çətin yollardan keçdik. Nəriman müəllimdə olan xəstəlik və onun göstərmiş olduğu formalar bütün orqanların - qaraciyər, böyrək, ağciyər, beyin və ürəyin funksiyasında ciddi problemlər yaratmışdı”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov deyib.

Həkim deputat bildirib ki, uzun müddət süni tənəffüs aparatında yüksək rejimdə aparılan müalicələr nəticəsində Nəriman Əliyevin bütün orqanlarındakı funksiyalar qənaətbəxşdir. R.Mahmudov bildirib ki, buna nail olmaq üçün yanvar ayının 10-da saat 18:00-da başlayan əməliyyat ayın 11-i gecə saat 03:00-da başa çatıb.

“Bu, dünyada ən ağır əməliyyatlardan biridir. Əməliyyat rəhbərliyim ilə yerli komandamız tərəfindən həyata keçirilib. Dünya statistikasına görə, Avropada belə xəstələrin 95 faizi əməliyyatdan 24 saat sonra həyatını itirir. Ağır əməliyyat olduğuna görə, xüsusən Almaniyanın Münhen Kardiologiya İnstitutu və Türkiyənin Acıbadəm xəstəxanasının ekspertləri tərəfindən konsultasiyalar olundu. Ortaq müzakirələrdən sonra müalicələrimiz davam etdi. Əməliyyatdan sonra ürəyin funksiyları bərpa olundu. Sonra digər orqanların bərpası üçün böyük bir şans yarandı. Artıq Nəriman müəllim oyanıb və bütün orqanları normal şəkildə funksiyasını yerinə yetirir. Danışır və huşu yerindədir”.

Deputat qeyd edib ki, hazırda həmkarının müalicəsi davam etdirilir və 1 aylıq reabilitasiyadan sonra iş fəaliyyətinə başlayacaq.

Xatırladaq ki, Nəriman Əliyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və əməliyyatdan sonra komaya düşüb. Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edən deputat ötən gün komadan ayılıb.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Rəşad-Mahmudov   Deputat   Nəriman-Əliyev