“Ölkədə qaza olan tələbat artıb” - “Azəriqaz”

“Ölkədə qaza olan tələbat artıb” - “Azəriqaz”
  23 Yanvar 2018    Oxunub:1622
2017-ci il ərzində də əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri kimi məsələlərə xüsusi diqqət yetirilib.
AzVision.az-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib. Onun sözlərinə görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən 2017-ci il ərzində 1886 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 221 km qaz kəməri əsaslı təmir olunub, 56 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

O, qeyd edib ki, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması üçün 4 575 ədəd texniki şərt verilib: “Birliyin sifarişi əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı obyektlərinin və qurğularının, eləcə də yaşayış məntəqələrinin, daşıyıcı qaz kəmərlərinin və digər təyinatlı bina, tikili və qurğuların layihələndirilməsi üçün 110 ədəd texniki şərt, texniki tapşırıq və layihə tapşırıqları hazırlanıb”.

O bildirib ki, layihə-smeta sənədlərinin hazırlanması sahəsi üzrə də mühüm işlər görülüb: “Ötən il ərzində “Azəriqaz” İB-nin Layihə- Konstruktor Bürosu tərəfindən 5391 layihə-smeta sənədi hazırlanaraq, birliyə və digər sifarişçilərə təhvil verilib ki, bunun da 264 kənd və qəsəbələrin qazlaşdırılması, 549 obyektlərin təmiri, 4575 sənaye və kommunal, məişət obyektləri və qeyri-yaşayış sahələri, 3 inzibati binalar, anbar binaları və s. tikinti işləri üzrədir”.

Ə. Hacıyev deyib ki, 2017-ci il ərzində 184 ədəd fiziki və hüquqi şəxslərin müraciətləri əsasında hazırlanan qeyri-yaşayış sahəsinin (obyektlərin) layihə-smeta sənədləri razılaşdırılıb: “Bundan başqa, ötən il 495 ədəd birliyin sifarişi ilə hazırlanmış layihə-smeta sənədi razılaşdırılıb. Respublika ərazisində kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin qazlaşdırılması, eləcə də yeni istehsal təyinatlı obyektlərin istismara verilməsi abonentlərin sayının və təbii qaza olan tələbatın artmasına səbəb olub”.

AzVision.az


Teqlər: Qaz   Əkbər-Hacıyev  





Xəbər lenti