Bakıda sürüşmə ilə bağlı Xüsusi Qərargah yaradıldı

  24 Yanvar 2018    Oxunub : 698
Bakıda sürüşmə ilə bağlı Xüsusi Qərargah yaradıldı
Bakıda Teleqüllənin yaxınlığındakı sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb.
Səbail Rayon İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, son günlərdə atmosfer yağıntılarının təsirindən Səbail rayonu Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpıb, torpaqda çatlar əmələ gəlib, bəzi yerlərdə isə çatlar genişlənib. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin ərazidə olub və sürüşmə sahəsinə baxış keçiriblər.

Bakı şəhərinin aktiv sürüşmə zonalarından olan bu ərazidə sürüşmə halının baş verməsi yeni hadısə deyil, illərlə mövcud olan köhnə problemdir. Sürüşmə hadisəsi müəyyən dövrdən bir aktivləşır. Yağıntıların normadan artıq olması və digər səbəblər də buna öz təsirini gösrərir. Belə hallar Hələ Sovetlər dönəmində də mövcud idi. Vaxtı ilə ərazidə inşa olunmuş qanunsuz tikintilər, onların kommunikasiya xətlərinin qəzalı olması da sürüşməyə təkan verən hallardandır. Məsələnin ciddiliyi nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin qorunması məqsədi ilə Səbai RİH-də Xüsusi Qərargah yaradılıb. Mütəxəssislərin iştirakı ilə sürüşmənin əhatə dairəsi, bu ərazidə mövcud tikililərin ünvanları və yaşayan vətəndaşların sayı müəyyənləşdirilib. Sakinlərin təhlükəsizliyinin təminatı məqsədi ilə xüsusi təxliyə və yerləşdirmə planları hazırlanıb, tələbat yaranarsa vətəndaşların müvəqqəti yerləşdiriləcəyi yerlər müəyyənləşdirilib. Hazırda ciddi narahatlığa əsas yoxdur və ərazi aidiyyatı qurumlar tərəfindən nəzarətdədir.

Qeyd olunub ki, məsələ ilə bağlı RİH-nin başçısı Eldar Əzizov tərəfindən Qərargahın iclası keçirilib, xidmət, təşkilat və dıgər sahələrin rəhbərlərinə müvafiq tapşirıqlar verilib. Əraziyə daimi baxışlar keçirilir, quraşdırılmış siqnal qurğularının göstəriciləri və baş verən hər hansı dəyişikliklər barədə dərhal aidiyyəti üzrə məlumat verilir. Ərazidə gedən prosseslər Nazirlər Kabinetı tərəfindən nəzarətdə saxlanılır.

AzVision.az

Teqlər: Bakı   Sürüşmə   Teleqüllə