Bayıldan əhalinin köçürülməsi davam edir

  25 Yanvar 2018    Oxunub : 922
Bayıldan əhalinin köçürülməsi davam edir
Sürüşmə ilə bağlı Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı evlərdən əhalinin köçürülməsi davam edir.

Bu barədə AzVision.az-a açıqlamasında Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov bildirib. Onun sözlərinə görə, sürüşmə sahəsinə yaxın evlərin bəzilərində çatlar yaranıb.
“Bəzi evlərdə çatlar var. Əhalinin təhlükəsizliyi üçün ailələrin evlərini tərk etmələri tövsiyə olunub. Hazırda köçürülmə prosesi davam edir. Nə qədər ailənin köçürülməsi haqda məndə dəqiq məlumat yoxdur”.

İ.Kərimov bildirib ki, sürüşmə zonasında yerləşən evlərin əksəriyyəti qeyri-qanuni yolla tikilib.

Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında eni 10 sm-dən 1 m-dək, uzunluğu 60-70 metr olan müxtəlif istiqamətli çatlar qeydə alınıb. Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb. Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti olaraq evlərini tərk etmələri, qohumları və yaxınlarının evlərinə köçmələri təklif olunub.

Aytən Zəhra
AzVision.az

Teqlər: Səbail   Bayıl   Sürüşmə