Bayıl 171 ildir sürüşür - FOTOLAR

Bayıl 171 ildir sürüşür - FOTOLAR
  25 Yanvar 2018    Oxunub:11589
Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə sahəsində çatların enində artım müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov AzVision.az-a bildirib ki, çatlarda əvvəlki vəziyyətlə müqayisədə 1-2 sm artım qeydə alınıb.
“Çatın gözlə görünən uzunluğu 70 metrdir. Lakin bu, o demək deyil ki, həmin göstəricidə qalacaq. Uzunluq arta bilər. Bizim əməkdaşlardan başqa orada FHN-ın, AMEAp-nın və başqa strukturların mütəxəssisləri iş aparır. Ərazi nəzarətdədir və müxtəlif orqanlara gündəlik məlumatlar verilir. Ərazidə insanların təhlükəsizliyi nəzərə alınır və lazım gələrsə, onlara köməklik göstəriləcək”.

Ə.Qaralov bildirib ki, sürüşmənin əhatə dairəsi və görüləcək işlərlə bağlı proqram hazırlanır: “Geoloji xəritənin hazırlanması bir günlük iş deyil. Vizual baxış keçirilir, geoloq kimi sürüşmənin hansı əraziləri əhatə edəcəyini konturlaşdırmışıq və məlumatları Nazirlər Kabinetinə təqdim etmişik. Dünən qoyulan mayaklarda çat olduğu üçün yenisi ilə əvəz olunub. Bu gün yenidən əraziyə və mayaklara baxılacaq. Çatlar olsa, demək ki, sürüşmə aktiv fazadadır və proses davam edir. Bayıl yamacında gedən proseslər bu günün işi deyil. Orada sürüşmələr 1847-ci ildən bu günə qədər (171 il -red) davam edir. Müxtəlif illərdə oradakı proseslərlə bağlı qeydiyyatlar aparılıb. Yaşayış olmayan dövrdə də belə hadisələr baş verib. Sonuncu dəfə 2000-ci ildə ərazidə sürüşmə olmuşdu, Əbədi məşəlin önündə 35 metr ərazi çökmüşdü və böyük ərazini əhatə etmişdi”.

Qeyd edək ki, sürüşmə ilə bağlı xüsusi qərargah yaradılıb, sakinlərin köçürülməsinə başlanılıb.

































Aytən Zəhra
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Bayıl   Sürüşmə   Teleqüllə  





Xəbər lenti