Nazirlik məktəblərdə ciddi nöqsanlar aşkarlayıb

  26 Yanvar 2018    Oxunub : 925
Nazirlik məktəblərdə ciddi nöqsanlar aşkarlayıb

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2017-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda apadığı yoxlamalarla bir sıra xarakterik nöqsanlar aşkar edib

AzVision.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, yoxlamalar zamanı əməkhaqlarının əsassız olaraq artırıldığı və əsassız olaraq artırılan hissəsinin baş mühasiblərin və onlara yaxın adamların plastik kartlarına köçürülərək israf edildiyi müəyyən edilib. Bundan başqa, işdən kənarlaşdırılmış və ümumiyyətlə musiqi məktəbində işləməyən şəxslərin adlarına açılmış plastik kartlara əmək haqqı adı ilə əsassız olaraq böyük məbləğdə vəsait köçürüldüyü aşkarlanıb.

Həmçinin dərslər əsas müəllimlər tərəfindən keçirildiyi və jurnallar onlar tərəfindən yazıldığı halda, dərs saatlarının əvəz edilməsinin digər müəllimlərin adlarına rəsmiləşdirildiyi, faktiki olaraq işə davamiyyəti olmayan işçilərə və işğaldan sonrakı dövrdə işə qəbul edilmiş və faktiki olaraq işləyən məcburi köçkünlərə orta aylıq əməkhaqqının ödənildiyi də aşkar olunan nöqsanlar sırasındadır.

Eyni zamanada, yoxlamalarla abadlıq və təmir işlərinin podratçı təşkilatlar tərəfindən dəyərinin əsassız olaraq artırıldığı və bu hesaba onlara artıq büdcə vəsaitinin ödənildiyi, dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə zidd olaraq satınalma metodlarından istifadə etmədən malların, iş və xidmətlərin satın alınması hallarına yol verildiyi, bəzi rayon icra hakimiyyətlərində malların dəyərinin ödənilməsi üçün nəzərdə tutulan vəsaitlərin işçilərdən birinin plastik kartına köçürüldüyü və sonradan plastik kartdan nağd qaydada çıxarılaraq pərakəndə satış məntəqələrindən nağd ödənişlə malların alınmasının həyata keçirildiyi məlum olub.

Ali və orta ixtisas təhsili müəssisələrində tələbələrdən təhsil haqqının yığılaraq vaxtında mədaxil edilmədiyi və borcların mühasibat uçotunda düzgün əks etdirilmədiyi, artıq kafedraların və fakultələrin saxlanıldığı, maddi-məsul şəxslərin öhdələrində material qiymətliləri üzrə xeyli məbləğdə çatışmazlıqlara yol verildiyi, xəstəxanalarda növbəti illər üçün ştat cədvəlləri tərtib edilərkən əvvəlki dövrlərdə vakant qalmış ştat vahidlərinin nəzərə alınmadığı və nəticədə bütün illərdə proqnozlaşdırılmış ştat vahidlərinin xeyli hissəsinin vakant qaldığı və bu hesaba ənəkhaqqı fondunda yaranmış böyük məbləğdə sərbəst vəsaitin işçilərə əlavə haqq kimi ödəndiyi də nöqsanlar ortaya çıxıb.

Müvafiq qaydada müəyyən edilmiş normadan artıq ştat vahidlərinin saxlandığı, digər təşkilatlarda öz iş yerlərində işləyən və əmkhaqqı alan işçilərin eyni dövrdə xəstəxanalarda stasionar rejimdə müalicə olunduqlarının sənədləşdirildiyi və onlara əmək qabiliyyətini müvəqqəti itirməyə görə xəstəlik vərəqələrinin verildiyi, statistika idarələrində müvafiq qaydada müəyyən edilmiş normadan artıq ştat vahidlərinin saxlanıldığı, məzuniyyətdə olan sürücülərin adlarına əməkhaqlarının yazıldığı aşkar olunub.

Həmçinin mövcud qaydalara uyğun olaraq kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsi zamanı bu işlərə məşğulluq xidmətlərində iş axtaran və işsiz kimi qeydə alınmış alı və orta ixtisas təhsilli kənd təsərrüfatı mütəxəssisləri cəlb edilməli olduğu halda, peşə ixtisasları və işləyib-işləmədikləri barədə müvafiq araşdırmalar aparılmadan faktiki olaraq müxtəlif təşkilatlarda daimi işləyən işçilərin müvəqqəti işçi kimi bu işlərə cəlb edildiyi məlum olub.

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən hesabat dövründə aparılan yoxlamalarla aşkar olunan nöqsanların tam aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar göndərilib.

AzVision.az

Teqlər: Maliyyə-Nazirliyi