Qanuna əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər isə min manat məbləğində cərimələnəcək.
Siqaretin ən çox çəkildiyi yerlərdən biri də şadlıq saraylarıdır. Toy, nişan mərasimlərinin keçirildiyi şadlıq saraylarında siqaret qadağasına riayət edilirmi?
_1515571159_1517069060.jpg)
AzVision.az-ın əməkdaşı bir neçə şadlıq evi ilə əlaqə saxlayaraq, siqaret çəkməyə icazə verilib-verilmədiyini öyrənməyə çalışıb.
“Xəmsə” şadlıq sarayından bildirilib ki, onlarda siqaret çəkmək üçün xüsusi yerlər ayrılıb: “Foyenin kənarı və həyətdə siqaret çəkmək üçün yerlər var. Kim istəsə, orada siqaret çəkə bilər”.
“Ay işığı” şadlıq sarayında da siqaret çəkənlər üçün foyedə yer ayrılıb. “Zalda siqaret çəkməyə icazə verilmir. Foyedə çəkə bilərlər. Bizdə siqaret çəkənlər üçün şərait yaradılıb. Zalda kimsə siqaret çəksə, toy sahibi müdaxilə etməlidir, çünki onun qonaqlarıdır”.
“Sonalar sonası” şadlıq sarayında qərardan sonra siqaret qadağan olunub: “Rəhbərlik tapşırıq verib, zalda siqaret çəkmək qadağandır. Aşağıda foyedə yer ayrılıb, orada çəkmək olar”.
“Venera” şadlıq sarayından isə əməkdaşımıza deyiblər ki, onlarda toy müştərinin istəyinə uyğun keçirilir.
Aytən Zəhra
AzVision.az