74 dövlət əmlakı hərraca çıxarılacaq

74 dövlət əmlakı hərraca çıxarılacaq
  29 Yanvar 2018    Oxunub:1399
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevral ayının 27-də növbəti hərrac keçiriləcək.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, özəlləşməyə çıxarılan 74 əmlakdan 23-ü səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisəsi, 25-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir. Özəlləşməyə çıxarılan əmlaklardan 11-i xidmət, 3-ü sənaye, 3-ü təmir, qalanları isə müvafiq olaraq kənd təsərrüfatı və səhiyyə sahələrinə aid olan müəssisələrdir.

Özəlləşdirilməyə çıxarılan Bakının Sabunçu rayonunda yerləşən 7 saylı kafenin ümumi faydalı sahəsi 214,7 kvadratmetr, torpaq sahəsi isə 250 kvadratmetrdən çoxdur. Obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir. Bundan başqa, sənaye sahəsində də fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Şəmkir yun tədarükü məntəqəsi belə əmlaklardandır. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 3 min 500 kvadratmetrə yaxın, torpaq sahəsi isə 6 mindən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir.

Yeyinti sahəsi üçündə yararlı olan əmlaklar hərraca çıxarılıb. Belə obyektlərə "Seyidlər üzüm emalı zavodu" dövlət müəssisəsini nümunə göstərmək olar. Həmin əmlakın ümumi faydalı sahəsi 221 kvadratmetr, torpaq sahəsi isə 26 min kvadratmetrdən çoxdur. Adıçəkilən obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir.

Təmir sahəsinə aid olan “Avtomobillərə texniki qulluq stansiyası” da əlverişli əmlaklardandır. Adıçəkilən əmlak Bərdə şəhərində yerləşir. Ərazi baxımından kifayət qədər optimal obyektdir. Həmin əmlakın torpaq sahəsi 1 500 kvadratmetr, ümumi faydalı sahəsi isə 100 kvadratmetrə yaxındır.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 21-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 13 kvadratmetr ilə 514 kvadratmetr arasında dəyişir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Mingəçevir Qum Çınqıl”, “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Yevlax Kəndkimya Təchizat”, “Xaçmaz Mexanizasiya Nəqliyyat“, “Şıxlar Broyler”, və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Mingəçevir Qum Çınqıl” ASC-dir. Adıçəkilən əmlakın səhminin 30%-i 155 min manata yaxındır.

Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumatı bu linkdən əldə etmək mümkündür. Hərracda iştirak üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

AzVision.az


Teqlər: Hərrac  





Xəbər lenti