232 narkotik alverçisi gömrükdə saxlanılıb - Onlardan 35-i qadındır

232 narkotik alverçisi gömrükdə saxlanılıb - Onlardan 35-i qadındır
  30 Yanvar 2018    Oxunub:1861
2017-ci ildə Azərbaycan Respublikasının iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması məqsədilə qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə istiqamətində də məqsədyönlü tədbirlər görülüb.
AzVision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev “Xalq” qəzetində dərc olunan məqaləsində yazıb.

Komitə sədri vurğulayıb ki, ötən il Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 8819 hüquqpozma faktı aşkar edilib.

Belə ki, 2017-ci ildə hüquqpozma faktlarından 703-ü cinayət xarakterli olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 8 milyon 320 min manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 764 nəfərin (611 Azərbaycan vətəndaşı, 153 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb.

Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2017-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 210 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 2 ton 714 kq 962 qram narkotik vasitələr və onların xammalı, psixotrop maddələr və onların hazırlanmasında istifadə olunan prekursorlar: 100 kq 517 qram heroin, 13 kq 714 qram həşiş, 20 kq 248 qram marixuana, 83,502 qram metadon, 16 kq 675 qram tiryək, 1,8 qram brotizolam, 0,2 qram fenazepam, 12,81 qram MDMA, 0,34 qram metilendioksiamfetamin, 3 qram zolpidem, 5,727 qram alprazolam, 19,85 qram diazepam, 130 qram fenobarbital, 12,525 qram klonazepam, 970 qram metamfetamin, 7,5 qram xlordiazepoksid, 5 kq 516 qram kalium permanqanat və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.

2017-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 232 nəfər: 197-si kişi və 35-i qadın olmaqla 180 nəfər Azərbaycan vətəndaşı və 52 nəfər əcnəbi (39 İran, 5 Rusiya, 2 Türkiyə, 3 Gürcüstan, 1 Qazaxıstan, 1 Hindistan və 1 Əfqanıstan vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 16 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib. Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar müxtəlif gizlətmə üsullarından istifadə ediblər. 2017-ci il ərzində 56 halda narkotik vasitələrin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı alınıb.

AzVision.az



Teqlər: DGK  





Xəbər lenti