Strateji Yol Xəritələri müzakirə olunub

Strateji Yol Xəritələri müzakirə olunub
  30 Yanvar 2018    Oxunub:1774
Azərbaycan Respublikası Prezident Administrasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Strateji Yol Xəritələri üzrə bütün işçi qrupları ilə birgə müzakirələr aparıb.
Mərkəzdən AzVision.az-a verilən məlumat görə, müzakirələrdə Strateji Yol Xəritələrinin icraçısı olan 40-dan artıq dövlət qurumunun səlahiyyətli nümayəndəsi iştirak edib.

Müzakirələr zamanı Strateji Yol Xəritələrinin icra vəziyyəti və planlaşdırılan tədbirlərin daha təfsilatlı müzakirəsi aparılıb. İşçi qrupun üzvləri qarşıda duran vəzifələrin həlli ilə bağlı Prezident Administrasiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən suallarına aydınlıq gətiriblər. Bildirilib ki, kommunikasiyanın belə yüksək səviyyədə təşkili tapşırıqların daha rahat və səmərəli icrasına, digər tərəfdən isə sonrakı mərhələdə keçiriləcək monitorinq və qiymətləndirmə prosesinin inklüzivliyinin təmin olunmasına kömək edəcək. Azərbaycan prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Strateji Yol Xəritələrinin vaxtında və keyfiyyətlə icrası üçün bütün resurslar mobilizasiya olunub. Məhz bunun nəticəsidir ki, qeyri-neft sektoru və ixracı böyüyür, tədiyyə balansında müsbət saldo yaranıb, strateji valyuta ehtiyatları artır və makroiqtisadi sabitlik təmin olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bir tərəfdən yeni iqtisadi inkişaf trayektoriyasına qədəm qoyur, digər tərəfdən isə transmilli layihələrin icrasında öncüllük edir.

Strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün icraçı qurumlar və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında koordinasiya ən yüksək səviyyədə təmin olunub.

Qeyd edək ki, 6 dekabr 2016-cı il dövlət başçısı tərəfindən təsdiq olunan “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.

AzVision.az


Teqlər: Strateji-Yol-Xəritəsi  





Xəbər lenti