Daha iki qurumda ciddi nöqsanlar aşkarlanıb

Daha iki qurumda ciddi nöqsanlar aşkarlanıb
  30 Yanvar 2018    Oxunub:1894
Hesablama Palatası audit zamanı “Azərbaycan Hava Yolları” QSC-nin fəaliyyətində bir sıra nöqsanlar aşkarlayıb.
AzVision.az-ın Hesablama Palatasına istinadən xverdiyi xəbərə görə, Hesablama Palatasının Kollegiyası “Azərbaycan Hava Yolları" QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Auditlə həmçinin, avans qaydasında ödənişlərin həyata keçirilməsi səbəbindən əvvəlki illərdən qalan uzunmüddətli debitor borcların mövcud olması və əsasən hava gəmilərinin alınması ilə əlaqədar maliyyə-kredit təşkilatları qarşısındakı kreditor borcların artmasının likvidlik qabiliyyətinə mənfi təsir göstərməsi müəyyən edilib.

“Azərbaycan Hava Yolları” QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə maliyyə hesabatlarının ictimailəşdirilməsi, gəlirlər və xərclər smetalarının tərtib olunması və aidiyyəti dövlət qurumları ilə razılaşdırılması, fəaliyyətin zərərlə nəticələnməsinin qismən aradan qaldırılması imkanlarından istifadə olunması, vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi, bəzi aktivlərin istifadə vəziyyəti ilə əlaqədar uçot və hesabatlılıq işlərinin aparılması, dövlət əmlakının istifadəyə verilməsi üzrə icarə haqqlarının müəyyənləşdirilməsi, daxili audit sisteminin funksionallığının təmin olunması sahəsində bir sıra nöqsanlar aşkar edilib. Eləcə də kommersiya fəaliyyətindən daxilolmalar, əsaslı vəsait qoyuluşu xərcləri hesabına dövlət büdcəsindən ayrılan vəsaitlər və cəlb olunan kredit vəsaitlərinin əsasən eyni hesablaşma hesabına mədaxil edilərək xərclənməsi müşahidə olunub ki, bu da vəsaitlərin təyinatı üzrə istifadəsində müəyyən risklərin yaranmasına səbəb olub.

Hesablama Palatasının Kollegiyası tərəfindən nöqsan və çatışmazlıqların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə alınmaqla digər kənarlaşmaların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə məlumat verilməsi məqsədilə “Azərbaycan Hava Yolları” QSC-yə Kollegiya Qərarının surəti və Təqdimat, səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına məktublar göndərilib, eləcə də qanunvericiliklə müəyyən edilmiş qaydada Milli Məclisə məlumat təqdim edilib.

Bundan başqa Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq Sərəncamlarına əsasən 2015-2016-cı illərdə və 2017-ci ilin 9 ayında 13,8 min ha əkin sahəsinin (iki ildə) və 1,5 mln. nəfərə yaxın əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 762 ədəd subartezian quyularının layihələndirilməsi və tikintisinə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə (ASC) 50,8 mln. manat məbləğində vəsait ayrılıb. Bu, Hesablama Palatasının “Dövlət büdcəsindən subartezian quyularının layihələndirilməsi və tikintisi üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri barədə məlumat”da öz əksini tapıb.


Sənəddə qeyd olunub ki, layihələndirilməsi və tikintisi nəzərdə tutulmuş 762 ədəd subartezian quyularından 612 ədədi 22 avqust 2017-ci il tarixinədək təhvil verilib.

Müvafiq sərəncamlarda artezian quyularının tikintisi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ASC tərəfindən cəmi 55 ədəd artezian quyusu da qazılıb. Subartezian quyularının hər biri üzrə suvarma potensialının orta göstəricisi 25-30 hektar torpaq səhəsinin suvarılmasına nəzərdə tutulduğu halda, 2015-ci ildə təhvil verilən 302 subartezian və artezian quyusundan 55 ədədi 1-10 hektar, 34 ədədi 11-15 hektar, 42 ədədi 16-20 hektar, 66 ədədi 21-25 hektar, 105 ədədi 26 hektardan artıq torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulub. Bunun nəticəsi olaraq, 2015-ci ildə təhvil verilən quyuların 65,2%-i, 2016-cı ildə isə 61,9%-nin layihə gücündən aşağı olmaqla az torpaq sahəsinin suvarılmasını təmin edəcək.

Müəyyən edilib ki, yeni subartezian və artezian quyularının bir qismi yaşıllıq sahələrinin suvarılmasına və istehsal obyektlərinə, parkların su təminatına, suvarma üçün infrastruktur olmadığı, həmçinin əkin sahəsi və yaşayış olmayan sahələrdə, otlaq sahələrində, öz təzyiqi ilə çıxan su mənbələrində, balıqartırma məntəqələri və fermaların su təminatı üçün onların yaxınlığında, su mənbəyinə malik olan mexaniki suvarma kanallarının və digər fəaliyyətdə olan quyuların yaxınlığında inşa olunub. Yeni tikilmiş subartezian və artezian quyuları üzrə su nümunələrinin bakterioloji və kimyəvi analizləri barədə məlumat lövhələri quyulara vurulmamış və suyun keyfiyyət göstəriciləri barədə əhali məlumatlandırılmayıb.

Hesablama Palatasının Kollegiyası "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması məqsədilə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsi barədə qərar qəbul etmiş və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərilib.

Auditin nəticələri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

AzVision.az



Teqlər: Hesablama-Palatası   AZAL  





Xəbər lenti